Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 18-də təhlükəsizlik məsələlərinə nəzarət edən ali nümayəndələrin 10-cu beynəlxalq görüşündə iştirak edib.

Rusiya Federasiyasının Ufa şəhərində keçirilən, 119 ölkənin təmsilçilərinin iştirak etdikləri görüşdə hibrid təhlükələrin artması şəraitində milli təhlükəsizliyin və dayanaqlı iqtisadi-sosial inkişafın təmin edilməsi məsələsi müzakirə olunub.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev görüşdə məruzə ilə çıxış edib, hibrid təhlükələrin proqnozlaşdırılması, qabaqlanması və qarşısının alınması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Görüşün gündəliyinə, həmçinin fövqəladə humanitar cavab tədbirləri sahəsində əməkdaşlıq, beynəlxalq informasiya təhlükəsizliyi sistemi və terrorçuluq ideologiyasının yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi daxildir.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas, Moldova Respublikası Ali Təhlükəsizlik Şurasının katibi Artur Qumenyuk və Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Dəmir Sıqınbayev ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Təhlükəsizlik şuraları xətti üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. (Azərtac)

Share: