“Rasim Balayevə dedim ki, əyninizə geyim tapmıram, dedi ki, öz geyimimlə gələrəm, amma gəlib məni rejissora şikayət etmədi”- Səndli filmlərin rəssamı-FOTOLAR+ÖZƏL

“40-a yaxın cizgi filminin rəssam assistenti, bir neçə bədii filmin geyim rəssamı olmuşam. 1970-ci ildən taleyimi kino sənətinə bağlamışam. Gələn kimi də “Azərbaycanfilm” kinostudiyasının cizgi filmləri şöbəsində çalışmağa başlamışam. O vaxt məni kinostudiyaya böyük sənətkarımız Adil İsgəndərov dəvət etmişdi. Yəqin ki, məndə olan istedadı görmüşdü. Cizgi filmləri həm uşaqlar üçün, həm də böyüklər üçün olmalıdır. Animasiya rəssamı işləmək həddindən artıq çətin işdir. Rəssam həm də aktyor olmalıdır. Bütün hərəkətləri bilməlidir. Təsəvvür edin, kağız üstündə çizilən şəkil sonra hərəkət verilərək canlandırılır. Bu gün də animasiya filmləri çəkilir. İstedadlı uşaqlar var, amma yaxşı ssenarilər yaranmalıdır. Əvvəlki animasiya filmləri uşaqlara vəfalı olmağı, dostluğu öyrədirdi. İstərdim ki, yenə də bu cür animasiya filmləri olsun”

 

Bunu Moderator.az-a açıqlamasında uzun illər kinostudiyada animasiya, bədii və sənədli filmlərin rəssamı kimi çalışan, Əməkdar mədəniyyət işçisi Zəkiyyə Mahmudova deyib. O daha sonra əlavə edib.

 

 

“Hal-hazırda rəssam kimi daha çox portret çəkirəm. 2 ilə yaxın İsveçdə yaşadım, oradan mən gözüyaşlı vətənimə qayıtdım. Buraxmırdılar, deyirdim ki, mən müvəqqəti bura gəlmişəm. Əsərlərim Türkiyədə və bir çox ölkələrdə sərgilənib. Yaradıcılığımın müəyyən qolu bədii filmlərlə bağlıdır. Bir çox filmlərdə geyim rəssamı çalışmışam. Nə qədər ki, canımda can var istəyirəm ki, filmlərdə işləyim. Geyim rəssamı elə bilirsiniz ki, asan peşədir? Sən aktyorlarla ünsiyyətdə olmalısan, onların xasiyyətinə uyğunlaşmalısan. Eskizləri çəkirsən, bəzən rejissor bəyənmir. Ssenari üzərində olan yazı əsasında aktyoru geyindirməlisən. Nəinki rəssam, geyim ustası da işləmişəm. Çəkiliş zamanı gecəmiz-gündüzümüz olmurdu. Yaşa dolmuş, filmlərdə hər zaman çəkilən sənətkarlarımz kapriz etmirdi. Kaprizi gənclər edirdi. Bir az adam onda hirslənib, əsəbləşirdi ki, mən təkəm, siz çox, səbr edin də” deyə rəssam bildirib.

 

O daha sonra bu illər ərzində başına gələn hadisələri də bizimlə bölüşüb.

 

 

“Bir dəfə xalq artisti Rasim Balayevin ölçüsünə geyim tapa bilmədim. Həyəcandan əsirdim ki, indi çəkiliş başlayır, mən nə edəcəm?! Rasim Balayevə zəng edib dedim. O da deyib ki, eybi yoxdur, öz geyimimlə gələrəm. Onlar məni dar ayağda qoymayıblar. Gəlib rejissora deməyiblər ki, geyimi evdən gətirmişəm, deyiblər ki, Zəkiyyə xanım tapdı mənim üçün. Allah Rasim müəllimə can sağlığı versin, onu çox sevirəm. Xalq artisti Səfurə İbrahimova, Həsən Məmmədovla, Zemfira Sadıqova və s. sənətkarlarla çalışmışam. Bundan başqa türkiyəli sənətçilərlə də işləmişəm. Onların qətiyyən kaprizləri yoxdur. Sadəcə olaraq çox tələbkardırlar. “Yaprak dökümü” serialının məşhur qəhrəmanı Cevriyyə-Güler Ötkenlə bir serialda çalışdım. O qədər mehriban qadın idi ki. Mənə hədiyyə də vermişdi. Məşhur Fransız aktyoru Jerar Depardye ilə bir filmdə işləmişəm. Məni bağrına basıb, öpüb. Sevinmişəm ki, işimi bəyənib. Bu gün də işləmək istəyirəm. Kinostudiya təəssüf ki, əvvəlki kimi fəaliyyət göstərmir. Oranın bir vaxtları var idi ki, koridorda insan qaynayırdı. Ümid edirəm ki, yenə də o günləri görəcəyəm. Axı biz incəsənət adamları sənət üçün doğulmuşuq” deyə rəssam bildirib.

 

Mənbə

Share: