“Bakıda sıxlığın azaldılması ən önəmli problemlərdən birinə çevrilib”.
Bu barədə Modern.az-a regionlardan paytaxta insan axının səbəbləri haqqında danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Komitə sədri hesab edir ki, son zamanlar rayonlardan Bakıya axının əksinə, paytaxtdan rayonlara qayıdış özünü göstərir:
“İşləməyi, zəhməti sevən insan harada olsa, özünə iş tapır. Bu gün rayonlarda kənd təsərrüfatı, xüsusilə pambıqçılıq, taxılçılıq, üzümçülük, baramaçılıq, heyvandarlıq inkişaf edib.
Mən təəssüf edirəm ki, bəzi insanlar ağır zəhmətdən qaçırlar. Ona görə şəhərin mənzərəsi, gözəlliyi, illüziyalar onları aldadır. İnsanlar heç bir iş yeri, perspektivi olmadan şəhərə gəlməyi üstün tuturlar. Bu isə düzgün hesablanmış addım deyil. Hamı istəyir ki, ona “bakılıdır” desinlər.
Halbuki ağıllı, öz həyatını qurmaq istəyən insanlar kəndə, orada təsərrüfatını yaratmağa üstünlük verirlər. İnanın ki, son illər pambıqçılığın inkişafı ilə əlaqədar xeyli insan Bakıdan rayonlara qayıdıb. Müəyyən sahələrdə torpaq icarəyə götürmək, ya da almaqla pambıq əkirlər. Bu isə külli miqdarda vəsait deməkdir.
İnsanlara işləmək üçün lazımi şərait yaradılıb. Rayonlarda emal müəssisələri, infrastruktur obyektləri və s. var. Lakin bunlar şəhərdəki kimi deyil. Rayonlarda yaşayanların əsas iş yeri kənd təsərrüfatı sahələridir. Amma insanlar zəhmətə getmək istəmirlər, ona görə bu sahədə işçi çatışmazlığı yaranır. Amma insan dolanmaq üçün mütləq zəhmətə qatlaşmalıdır”.
Şəhərdəki sıxlıqdan komitə sədri də gileylənib. Tahir Rzayev söyləyib ki, axşam üstü saat 5-dən sonra 10 dəqiqəlik yolu 1 saata getmək olur. Bu problem bütün sahələrə ziyan vurur:
“Kənddə pay torpağı ola-ola şəhərdə fəhləlik edənlər yenidən düşünməlidirlər. Bu seçimi başa düşmək çətindir. Əgər övladını dolandırmaq, işini qurmaq istəyirsənsə, zəhmətə qatlaşmalısan.
Mənim təmsil etdiyim Ağcabədidə elə ailələr var ki, təsərrüfatla məşğul olaraq, xeyli qazanc əldə edirlər, öz övladlarını da yaxşı yaşadırlar. Laçın rayonundan Ağcabədiyə köçən insanların bir çoxu zəhmətə qatlaşmaq hesabına orada normal həyatını qurub. Qaçqın-köçkün həyatı yaşasalar da, torpaq əkib becərməklə dövlətin verdiyi imtiyazlardan əlavə öz yaşayışlarını zəhmətlə təmin edirlər. Ona görə, düşünürəm ki, insanların regionlara qayıdışının həm onlara, həm ölkəyə ancaq faydası ola bilər”.