Son günlər Ermənistan şərti sərhəddə yerləşən mövqelərimizə qarşı atəş açmaqla vəziyyətin daha da gərginləşməsinə səbəb olur. O cümlədən Qarabağdakı separatçılar da dinc dayanmır. Demək olar ki, hər gün müxtəlif istiqamətlərdə səngərlər qazılır, fortifikasiya qurğuları quraşdırılmağa cəhd edilir. Bütün təxtribatların qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınır.
Bəs, bu hallar necə dəyərləndirilir? Azərbaycan hansı addımları atmağa başlamalıdır?
Modern.az bu mövzular barədə Azərbaycan müxalifətinin mövqeyini öyrənib.
Məsələ ilə bağlı saytımıza danışan Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, sülh danışıqlarını bərpa etmək çox vacibdir:
“Qarabağda yaşayan ermənilər Azərbaycan konstitusiyasına tabe olmaq istəmir. Bu da gərginliyin artmasına səbəb olur. Bu vəziyyətdən regionda öz mövqelərini qoruyub-saxlamaq və daha da gücləndirmək fikrində olan Rusiya istifadə edir. Rusiya yenidən ciddi münaqişənin və qanlı qarşıdurmanın yaranmasına şərait yaratmaq istəyir. Azərbaycan hakimiyyəti məsələni sülh yolu ilə həll etməyə çalışmalıdır. Bizim əsas hədəfimiz qanlı qarşıdurmaya birdəfəlik son qoymaq və Ermənistanla sülh sazişini bağlamaq olmalıdır. Sülh danışıqların bərpası həddən artıq vacibdir. Biz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə Brüsseldə aparılan danışıqlar posesinə etimad göstəriririk. Buna görə də, proseslər davam etməlidir. İmkan daxilində məsələlər sülh və danışıqlar yolu ilə həll olunmalıdır”.
Partiya sədri Rusiyanın Ermənistanın Baş naziri Nikol Paşinyanı hakimiyyətdən devirməkdə maraqlı olduğunu deyib:
“Rusiya Paşinyanın devrilməsi üçün çalışır. Rusiya televiziya kanallarında bu məsələ açıq şəkildə müzakirə olunur. Ancaq Azərbaycanın hədəfi Ermənistanda hakimiyyətin dəyişilməsi olmalı deyil. Paşinyanın yerinə Köçəryan, Sarkisyan və ya bu qüvvələri təmsil edən hər hansı siyasi xadim gələrsə, Cənubi Qafqaz regionunda sülhün və əmin-amanlığın bərpası istiqamətində müsbət addımların atılacağına inanmıram”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə deyir ki, Azərbaycan ordusu hazırlıq vəziyyətinə gətirilməlidir.
“Eləcə də, ermənilərin bütün təxribatları ilə bağlı beynəlxalq ictimaiyyət operativ şəkildə məlumatlandırılmalıdır. Çalışmaq lazımdır ki, Azərbaycan-Ermənistan arasında ehtimal olunan münaqişənin başladılmasının səbəbkarı, günahkarı rolunda biz olmayaq. Ermənilər hansısa addım atacaqsa, Azərbaycan ona qat-qat ağır cavab verməlidir. Lakin müharibə etməyə həvəslənməməliyik”, – o vurğulayıb.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Qarabağ, müharibə və torpaqların işğaldan azad olunması məsələlərinin daxili münasibətlərin fövqündə dayandığını vurğulayıb:
” 2020-ci ildəki 44 günlük mühairbədən sonra cəmiyyətin mütləq əksəriyyətini əhatə edən konsensusun formalaşması və davam etməsi tərəfdarıyıq. Bu gün də yaşananlara milli məsələ və savaş kimi baxırıq. Qanımızla, canımızla Ordunun, əsgərin yanındayıq. Bu istiqamətdə davam edən təcavüzün aradan qaldırılması istiqamətində atılan və atılacaq addımların dəstəkçisiyik”.
P. Hüseyn günümüzün şüarının “vur əsgər” olduğunu düşündüyünü söyləyib:
“Çünki son günlər revanişt qüvvələrin və onların arxasında dayananlar aktivləşib. Separatçılar tərəfindən ermənilərin blokadaya alınmasının, girov götürülməsinin qarşısını almaq üçün addımların atılmasını tələb edirik. Bu məsələnin həlli üçün lazımdır. Digər tərəfdən təmas xəttindəki dinc əhalimizin təhlükəsziliyi daha ciddi təmin edilməlidir”.