“Rejissordan mənfi rol istədim, dedi ki, sən o qədər pis insansan?”-FOTO

“Mən çox çəkilməmişəm, 40 filmim var. 84 yaşın içindəyəm. Bu illər ərzində çox filmlərə çəkilə bilərdim. Çəkilməmişəmsə demək ki, problem məndə olmayıb. Sadəcə olaraq rejissorlar gördüklərini çəkməyiblər yaxud da çəkmək istəməyiblər. Aktrisalar aktyorlara nisbətdə çətinliklə filmlərdə çəkilir, onların vəziyyəti başqa cür olur. Bu günümə də şükür edirəm” 

 

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, “Dəli Kür” filminin Mələyi Zemfira Sadıqova deyib. O daha sonra əlavə edib.

 

“Kobud da çıxsa deyəcəyəm ki, özümü heç vaxt gözə soxmamışam. Çalışmışam ki, işimi görüb çəkilib kənarda dayanım. Heç kimin işinə qarışmamışam, danışmamışam. Bu da mənim xasiyyətimdir. Qapı döyməmişəm, kimdənsə nəsə istəməmişəm. Bəlkə də qapı döysəydim o qapılar üzümə açılardı, amma mən bunu özümə yaraşdırmamışam” deyə sənətkar bildirib.

Zemfira Sadıqova deyib ki, mənfi rollar oynamaq istəyir.

 

“Cəfər Cabbarlının “Almaz” əsərində mənə Fatmanisə rolunu vermişdilər. Diplom tamaşası idi, onu AZDRAMA-nın səhnəsində oynadıq. Mehdi Məmmədov tamaşadan sonra gəlib soruşdu ki, Fatmanisəni oynayan kim idi? Dedilər ki, Zemfira Sadıqovadır. İnanmadı, dedi ki, mən ona dərs deyirəm, amma onu tanımadım. Mehdi Məmmədovun haqqımda dediyi bu sözlər ömrümün axırına qədər bəsimdir. Xarakterik aktrisayam. Hətta bir rejissora dedim ki, məni mənfi, xarakterik rolda çək. Dedi ki, nə demək istəyirsiniz? Siz yəni bu qədər pis insansınız? Rejissorlar həyatdakı insanla səhnədəki Zemfira Sadıqovanı fərqləndirməlidir. Çox təəssüf ki, bunu etmirlər, çəkinirlər elə bil” deyə aktrisa bildirib.

Sənətkar həyat yoldaşı, xalq artisti Yusif Vəliyevi də xatırlayıb.

 

“Hamı deyirdi ki, yaş fərqiniz çoxdur. Mən bunu hiss etməmişəm. Onunla evlənəndə bircə borş və bir də kotlet hazırlaya bilirdim. Bütün yeməkləri mənə o öyrətdi. Mən onsuz yaşaya bilmirdim. Uzun müddət hara gedirdisə darıxırdım. O da mənsiz darıxırdı. Aramızda böyük sevgi var idi” deyə Zemfira Sadıqova deyib.

Mənbə

Share: