Revmatizmi və digər xəstəlikləri müalicə edən DƏFNƏ YARPAĞI

Vaxtilə qədim Ellada torpağında Olimpiya oyunları zamanı qalib idmançılar dəfnə yarpaqlarından hörülmüş çələnglə mükafatlandırılırdı.

Hazırda isə dəfnə yarpaqlarından şorba və borşlara, turşulara, ət və balıq yeməklərinə dad qatmaq üçün istifadə olunur. Müasir kulinariyada az xörək tapmaq olar ki, onun içinə dəfnə yarpağı atılmasın. Lakin dəfnə yarpağının istifadə sahəsi bunlarla məhdudlaşmır. Ondan təbabətdə, kosmetologiyada və məişətdə də geniş istifadə edilir.

AzərTAcın məlumatına görə, AMEA-nın Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyevin sözlərinə görə, Azərbaycanda dəfnə ağacına daha çox Xəzər dənizinin sahili ətraflarında rast gəlmək olar: “Dəfnə ağacı yarpaqlarını tökməyən orta boylu ağac bitkisidir, hündürlüyü 10 metrə çatır. Ən çox Türkiyədə bitir. Kiçik zeytun dənələrini xatırladan meyvələri ilk vaxtlar yaşıl rəngdə olsa da, sonradan qaralır. Yarpaq və meyvələri əziləndə spesifik xoş qoxu verir.
Həmişəyaşıl dəfnə ağacının yarpaqları yay və qış aylarında tökülmür, may və oktyabr aylarında yığılan yarpaqları daha xeyirlidir. Bitkinin zəhərli çöl dəfnəsi və Ərəbistan dəfnəsi növlərindən istifadə etmək olmaz”.

A.Mehralıyev deyir ki, dəfnə yarpaqlarından təkcə xörəklərə dad qatmaq üçün istifadə edilmir, onun bir sıra müalicəvi xüsusiyyətləri də var: “Belə ki, tərkibi A və C vitaminləri, həmçinin dəmir, manqan, kalsium və maqnezium mineralları ilə zəngin olan dəfnə yarpağının yağı qaraciyər ağrılarına xeyirlidir, ondan təngnəfəslik və bronxial astma xəstəliyində istifadə olunan dərman hazırlanır. Orqanizmi qüvvətləndirir, sidiyi qovur, toksiki maddələri və zəhərləri xaric edir. Allergiyaya meylli olanların və hamilə qadınların dəfnə yarpağından istifadə etməsi məsləhət görülmür”.

Bioloq-alim dəfnə yarpağı və meyvələrinin faydalarını da sadalayıb:

– Mərcimək, noxud və düyü kimi ərzaqların uzun müddət qurdlamadan saxlanılması üçün içərisinə bir-iki ədəd dəfnə yarpağı atmaq kifayətdir.

– Yarım litr suya 200 qr dəfnə yarpağı və 10 qr portağal qabığı əlavə edilərək 5 dəqiqə vam ocaqda qaynadılır, 10 dəqiqə ocaqdan kənarda dəmlənəndən sonra süzülür, balla qarışdırılır, həzmsizlik və iştahasızlıq zamanı hər dəfə yeməkdən qabaq 1 stəkan içilir.

– Dəfnə meyvələri əzilir, balla qarışdırılaraq məcun halına gətirilir, qulunc və revmatizm ağrılarında gündə 3 dəfə 1 çay qaşığı qəbul edilir.

– Dəfnə toxumlarının dəmlənilib içilməsi yaddaşı gücləndirir, bişirilməsi ilə vanna qəbul edilməsi sidik kisəsi və uşaqlığın iltihabi xəstəliklərində faydalıdır.

– 10 qr dəfnə yağı 100 qr iç yağı ilə qarışdırılır, revmatizm və oynaq ağrıları zamanı ağrıyan nahiyələrə sürtülür.

– Dəfnə toxumu çeynəniləndə ağız qoxusunu aradan qaldırır.

– Dəfnə yarpağının dəmləməsi qızdırma zamanı hərarəti aşağı salır, tərlədici təsir göstərir.

– Dəfnə yarpağının dəmləməsi şiddətli başağrılarını aradan qaldırır.

– 100 qr dəfnə yarpağı 1 litr suda qaynadılır, qrip və soyuqdəymə zamanı gündə 3 dəfə 1 stəkan qəbul edilir.

– 100 qr dəfnə toxumuna bal əlavə edilərək qarışdırılır, alınan məcunun gün ərzində qaşıq-qaşıq yeyilməsi başağrıları, miqren, revmatizm və təngnəfəsliyə qarşı tətbiq olunur.

A.Mehrəliyev bitkinin kosmetoloji sahədə istifadəsindən də danışıb. O bildirib ki, üzərində çivzələr və qara nöqtələr olan dərini təmizləmək üçün 10 ədəd xırdalanmış quru dəfnə yarpağı üzərinə 1 stəkan araq əlavə edilir, 1 gün saxlanandan sonra süzülür və dərinin iltihablaşmış nahiyələrinə çəkilir.

Bundan başqa, dəfnə yarpağından hazırlanan şampun saç tökülməsinin qarşısını alır, saçlara yumşaqlıq və parlaqlıq verir.

Ağacdan yığılan meyvələr qazana tökülür, üzərinə su əlavə edilir, 2-3 saat vam ocaqda qaynadılır. Meyvələri suyun dibinə çökəndən sonra süzülür, yağın nisbi sıxlığı sudan yüngül olduğuna görə yağ suyun üzünə yığılır. Üstdə qalan yağ sudan ayrılır və saf dəfnə yağı əldə edilir.

Dəfnə sabunu saç tökülməsi və kəpəklənməni azaldır, dəriyə nəmləndirici və cavanlaşdırıcı təsir göstərir, antiseptik xüsusiyyətlərinə görə dəridə olan bakteriya və göbələkləri məhv edir.

Gənclik sızanaqlarında da dəfnə sabunundan istifadə xeyirlidir.

Dolablara və paltarların arasına qoyulanda təbii qoxusu və antiseptik xüsusiyyətləri həşəratların çəkilib getməsinə səbəb olur.

10 ədəd dəfnə yarpağı və 2 çubuq darçın 1 litr suya əlavə edilərək 10 dəqiqə qaynadılır və hər gün 1 stəkan içilir. Nəticə elə ilk həftədən hiss olunmağa başlayır. Çayın 1 ay içilməsi qarın piylərini əridir.

Share: