Reyestr istifadəyə verildikdən sonra müraciətlərin qəbuluna başlanılacaq

Media Reyestri istifadəyə verildikdən sonra həm media subyektlərinin, həm də jurnalistlərin müraciətlərinin qəbuluna başlanılacaq.

 

Modern.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri – mətbuat katibi Səidə Şəfiyeva bildirib.

 

Agentlik rəsmisi qeyd edib ki, “Media haqqında” qanun və media reyestrinin aparılması qaydalarının tələblərinə uyğun olaraq, jurnalistin adının reyestrə daxil edilməsi üçün şərtlərdən biri, onun əmək müqaviləsi və ya mülki hüquq müqaviləsi bağladığı media subyektinin Media Reyestrində olmasıdır:

 

 

“Yəni, ilk növbədə media subyekti Agentliyə müraciət edir, Media Reyestrinə daxil edilir və ona Media Reyestri şəhadətnaməsi təqdim olunur. Ondan sonra jurnalist fərdi qaydada MEDİA-ya müraciət edir və adı Media Reyestrinə daxil edildikdən sonra ona jurnalist vəsiqəsi təqdim ounur. Müraciət zamanı əmək müqaviləsi Elektron Hökumət Portalında sistemə inteqrasiya olunacaq. Əgər jurnalist media subyekti ilə mülki hüquq müqaviləsi əsasında əməkdaşlıq edirsə, bu zaman o sistemə həmin müqavilə haqqında məlumatlarla yanaşı, sənədin özünü də yükləməldir. Beləliklə, onun hansı media subyekti ilə əməkdaşlıq etdiyi, həmin subyektin Media Reyestrinə daxil edilib-edilməməsi aydınlaşdırılacaq və müvafiq qərar qəbul ediləcək”.

 

Mətbuat katibi Media Reyestrinə müraciətə hər hansı məhdudiyyət qoyulmadığını vurğulayıb: “Bu, davamlı bir prosesdir. Jurnalist vəsiqəsi 3 il müddətinə verilir. Media Reyestri şəhadətnaməsi isə müddətsizdir”.

 

Mənbə

Share: