
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo futbol tarixində ilk milyardçı futbolçu olub.
Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. 40 yaşlı oyunçunun sərvəti 1,4 milyard dollar olaraq qiymətləndirilir. Bu məbləğə sponsor müqavilələrindən əldə olunan gəlirlər, klubdan aldığı maaş və kommersiya fəaliyyətlərindən qazancı daxildir.
Ronaldo 2023-cü ildən “Əl-Nəsr”də çıxış edir. Ulduz hücumçu bu yay imzaladığı yeni müqaviləyə əsasən, ildə 400 milyon avrodan çox gəlir əldə edir.
O da bildirilir ki, uzun müddət ərzində Ronaldo əsas rəqibi – argentinalı Lionel Messi ilə demək olar ki, eyni səviyyədə qazanc əldə edirdi. Lakin 2023-cü ildən etibarən vəziyyət kəskin şəkildə dəyişib. Agentlik qeyd edir ki, həmin vaxt Portuqaliya yığmasının kapitanı Səudiyyə Ərəbistanına yollanaraq illik 200 milyon dollar dəyərində (vergilər nəzərə alınmadan) rekord müqavilə imzalayıb. İndi, 40 yaşında isə Ronaldo ən varlı idmançılar arasında zirvəyə çatıb.