“Bu materialı mütləq rus generalı Andrey Volkov başda olmaqla qanunsuz, separatçı-terrorçu erməni silahlı birləşmələrini dəstəkləyən Rusiya “sülhməramlı”larına çatdırmaq gərəkdir…”
1993-cü ilin yanvarından Xankəndində erməni separatçı-terrorçu rejimi tərəfindən əsir saxlanılan Rusiya vətəndaşı Anatoli Çistyakov intihar həddinə çatdırılaraq öz həyatına son qoyub.
Moderator.az xəbər verir ki, bu haqda məlumat və foto “@orlitg” erməni teleqram-kanalı tərəfindən paylaşılıb.
Məlumatda deyilir ki, təqdim edilən fotoda “TASS”-ın müxbiri Solovyov Xankəndindəki həbsxana kamerasında Azərbaycan Silahlı Qüvvələrinin həbs olunmuş iki təyyarəçisi ilə müsahibə aparır.
Kapitan Yuri Beliçenko Ukrayna, mayor Anatoli Çistyakov isə Rusiya Federasiyası vətəndaşı kimi təqdim olunur.
Üzərində 6,5 tonluq aviabomba daşıyan “MiQ-25”-i idarə edən Beliçenkonun təyyarəsi erməni işğalçıları tərəfindən 20 avqust 1992-ci ildə vurulub. Çistyakov isə “MiQ”-21-də 1993-cü il yanvarın ortalarında Ağdərə yaxınlığında vurulub. Erməni mənbələri onun Peto Qevondyan adlı terrorçu tərəfindən vurulduğunu təxmin edir.
Məlumata görə, mayor Çistyakov Xankəndi, Xocavənd və keçmiş Ağdərə rayonlarındakı erməni ordusuna qarşı 36 uçuş edib.
“Cəzasını alan Beliçenko sonradan əfv olunub. Rusiya vətəndaşı Çistyakov isə saxlandığı kamerada sınmış butulkanın şüşəsini yeyərək intihar edib”- erməni teleqram-kanalı belə yazır.
P.S. Ola bilər ki, Rusiya vətəndaşı Çistyakovu Azərbaycan tərəfində vuruşduğuna görə hayklar özləri döyüb öldürüb…
Zəruri şərh:
Bu materialı mütləq rus generalı Andrey Volkov başda olmaqla Azərbaycan torpaqlarında heç bir hüquqi əsas olmadan fəaliyyət göstərən və bununla belə, nəinki qanunsuz, separatçı-terrorçu erməni silahlı birləşmələrini dəstəkləyən, eyni zamanda Azərbaycan jurnalistlərini öz ərazilərimizə – Xankəndinə, Xocalıya buraxmayan Rusiya “sülhməramlı”larına çatdırmaq gərəkdir…
Sultan Laçın