Bu ayın sonunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü olacaq. Görüş barədə mediaya açıqlama verən Prezidentin köməkçi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan tərəfi ümid edir ki, bu görüşdə sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq.
Bundan əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın yaradılması barədə razılıq əldə olunduğunu xatırladan Prezidentin köməkçisi bildirib ki, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri bu ayın sonunda Moskvada görüşəcəklər. Ölkə rəsmiləri nəqliyyat-kommunikasiya və delimitasiya ilə bağlı məsələləri müzakirə edəcəklər.
Brüssel görüşündən gözləntilər nədir? Bakı və İrəvan razılığa gələ biləcəkmi?
Bu barədə Modern.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, görüşün gündəliyində yer alan məsələlər olduqca aktualdır:
“Məhz buna görə də, gündəlikdə əks olunmuş məsələlərin hamısının vaxtında öz həllini tapması regiondakı cari vəziyyətin əməli sürətdə dəyişdirilməsi üçün vacibdir. Görüşdən sonrakı dəyişiklik qarşıdurma meyillərinin yavaş-yavaş aradan qalxmasına səbəb olmalıdır. Çünki irəlidə quruculuq işləri, kommunikasiyaların açılıb istifadəyə verilməsi və sülh şəraitinə hazırlıq mərhələsi gəlir”.
Politoloqun fikrincə, gündəlikdə əsas mövzu kimi sülh sazişinin mətninin hazırlanması yer alsa da, buna qədər texniki məsələlər öz həllini tapmalıdır:
“İlk növbədə delimitasiya və demarkasiya prosesi, kommunikasiyaların açılması məsələsi həll olunmalıdır. Eyni zamanda Ermənistanın üzərinə öhdəlik kimi götürüb, həyata keçirmədiyi vəzifələr həllini tapmalıdır. Ermənistan yenə də əvvəlki kimi gözləmə mövqeyini tutur. Prosesləri ləngitmək və özü üçün əlverişli şərait yaratmaq istəyir. Bunun reallaşmasına ehtimal yoxdur. Çünki Azərbaycan proseslərin nəzarətini, həllini öz üzərinə götürüb və dəqiqlik nümayiş etdirir. Ermənilər dəqiq olmadığı üçün onun heç bir şansı yoxdur ki, gündəlikdə olan müddəalarla bağlı bizdən nəsə tələb etsin”.
Bundan əlavə, T.Abbasov vurğulayıb ki, Brüsseldəki görüşdə konkret mövqe ortaya qoyulmalı, Ermənistandan üzərinə götürdüyü öhdəliklərin icrası tələb edilməlidir:
“Biz sülh şəraitinin yaranmasını istəyirik. Ermənistan dəqiq mövqe ortaya qoymadığı üçün proses ləngiyir. Prosesi ləngidən digər məqam mina xəritələrinin verilməməsi ilə bağlıdır. Burada tək Ermənistanın yox, beynəlxalq dairələrin, siyasi qurumların həm aventuristliyini, həm də riyakarlığını bir daha görürük”.
Siyasi şərhçi sonda Brüssel görüşü ilə bağlı proqnozlarını dilə gətirib:
“Biz ümid edirik ki, bu görüşdən sonra Ermənistanın mövqeyində müəyyənlik yaranacaq. Həmçinin texniki məsələlərin həll edilməsi gözlənilir. Ümumilikdə isə Ermənistan məcburdur ki, Brüssel görüşü üçün hazırlanmış gündəlikdəki bütün məsələlərin həllinə razılaşaraq işə başlasın. Hazırda yol xəritəsi də hazırdır. Buna görə də, kommunikasiya məsələsi öz həllini tapacaq. Çünki bunu onlardan Avropa və Rusiya da tələb edir. Güman ki, bu dəfə Avropa İttifaqı Ermənistandan boş-boş söz verməyi yox, hərəkətə keçməyi istəyəcək”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan liderləri arasında sonuncu görüş mayın 22-də Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə baş tutub.