“Rusiya və İran bizim düşmənimizdir”

“Rusiya və İran bizim düşmənimizdir”

Son günlər Azərbaycan şimal və cənub qonşularının təhdidləri ilə üz-üzə qalıb. Bir tərəfdən İran açıq-aşkar Ermənistanı dəstəkləyərək, sərhəddə təxribat məqsədilə hərbi təlimlər keçirir, digər yandan Rusiya Xankəndi şəhərində Azərbaycan əleyhinə aksiyalar təşkil etməklə sülh sazişini əngəlləməyə çalışır.

 

Rusiya və İranın ölkəmizə qarşı düşmən mövqedən çıxış etməsi və işğalçı ermənilərə dəstəyi Azərbaycanın siyasi sferasında gündəmin əsas mövzusuna çevrilib və mətbuat da diqqətlə prosesləri izləyərək, deputatların və müstəqil siyasi ekspertlərin bu yöndə açıqlamalarını tirajlayır.

 

Bəs, müxalifət düşərgəsi hansı mövqedən çıxış edir? Hakimiyyətə müxalif olanların İran və Rusiya ilə bağlı siyasi baxışları nədən ibarətdir?

 

Modern.az mövzu ilə bağlı bir neçə müxalifət partiyasından münasibət öyrənib.

 

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, İran və Rusiya artıq özünü ifşa edib:

 

“Əslində, Rusiya və İran həmişə Azərbaycanın milli maraqlarına zidd siyasət yürüdüb. Zaman-zaman bu dövlətlər Azərbaycanın milli təhlükəsizliyi üçün ciddi təhlükə yaradıblar. Sadəcə indiki mərhələdə bu iki dövlətin yürütdüyü siyasətin “maskası cırılıb”. Artıq hər şey daha açıq şəkildə görünür. İstər Rusiya, istərsə də İran Azərbaycanın müstəqilliyini təhdid edir. Hazırda Azərbaycan ərazisində Rusiyanın hərbi birləşmələri var. İran Azərbaycanla faktiki olaraq müharibə vəziyyətində olan Ermənistana hər cür dəstək verir. İstər Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı, istərsə də 44 günlük müharibə dövründə İran daha çox Ermənistanın müttəfiqi kimi hərəkət edib. Ermənistanı yanacaq və digər resurslarla təmin etməyə çalışıb. Hətta İran öz ərazilərini Ermənistana göndərilən hərbi resurs üçün açıq elan etmişdi”.

 

 

Partiya sədrinin fikrincə, İran və Rusiya ilə dostluq münasibətində olmaq mümkün deyil:

 

“Bunun qeyri-mümkün olduğunu artıq Azərbaycan hökuməti dərk edir. Bizim illər öncə qeyd etdiyimiz həqiqətlər hökumət tərəfindən dilə gətirilir. İndi Azərbaycan cəmiyyəti də İran və Rusiyanın Azərbaycana qarşı yönəltdiyi siyasətə qarşı müqavimət göstərir. Bu da müsbət haldır. Bu duruşu xarici siyasətimizin əsas amilinə çevirmək və beynəlxalq dəstək almaqla, Rusiya və İranın Azərbaycana qarşı təhdidlərinə ya son qoya, ya da zəiflədə bilərik”.

 

Azərbaycanın hansı addımları atmasına gəlincə, Müsavat başqanı təkliflərini dilə gətirib:

 

“Biz Azərbaycanın milli təhlükəsizliyi sahəsində avrointeqrasiya etməli, NATO ilə əməkdaşlıq qurmalıyıq. Xarici siyasətdə Türkiyə ilə hərtərəfli əlaqələr prioritet olaraq qalmalıdır. Eyni zamanda Türkiyə və Qazaxstanın da GUAM birliyində iştirakına nail olmaq olar. Bununla birliyin Azərbaycanın milli təhlükəsizlik sistemində rolu artacaq. Digər yandan beynəlxalq miqyasda Rusiyanın, İranın yanında yer alan qüvvələrlə yox, bu qüvvələrə alternativ güc mərkəzləri ilə siyasəti uzlaşdırmaq Azərbaycanın milli təhlükəsizlik strategiyasını təşkil edə bilər”.

 

Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn də İranın Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirdiyini söyləyib:

 

“Ermənilərə hücum silahlarının verilməsi, təxribat məqsədli təlimlər, Qafanda və Təbrizdə konsulluqların açılması, eyni zamanda, İranın rəhbər şəxslərinin anti-Azərbaycan açıqlamaları İranın düşmənçiliyinin əyani sübutudur. Bu gün faktiki olaraq İran Azərbyacanla müharibə şəraitində olan Ermənistanın yanındadır. Buna qarşı müvafiq adekvat addımların atılması, Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin bir mövqedən çıxış etməsi təqdirəlayiq haldır”.

 

Pənah Hüseyn qeyd edib ki, İranla yanaşı, Rusiyanın da düşmənçilik siyasəti gözlənilməz deyil:

 

“Rusiya tərəfindən Qarabağda münaqişə ocağının saxlanması üçün müxtəlif addımlar atılıb. Son olaraq Rusiya Prezidenti Vladimir Putinin Valday klubundakı çıxışı bir daha hər şeyi açıqlığa qovuşdurdu. O, Rusiyanın Qarabağın iki rayonunun Azərbaycanın suverenliyindən çıxarılmasını istədiyini dilə gətirdi. Biz Rusiyanın iki ölkə arasında vasitəçilik etməsini əvvəlcədən qəbuledilməz saymışıq”.

 

Sabiq baş nazir vurğulayıb ki, Rusiya və İranın təhdidlərini nəzərə alaraq, Azərbaycan istənilən situasiyaya hazır olmalıdır:

 

“Artıq Azərbaycan tərəfi müəyyən addımlar atıb, müxtəlif açıqlamalar verilib. Bu mövqe ardıcıl olaraq davam etdirilməlidir. Azərbaycanın suverenliyini məhdudiyyət altında qoyan məsələ danışıqların predmeti ola bilməz. Bizim əsas mövqeyimiz bundan ibarətdir. Bu barədə Azərbaycan xalqı məlumatlanmalıdır. Qarabağda, xüsusən də Xankəndidə ermənilərin təxribatçı addımları davam edərsə, Azərbaycan Ordusu suverenliyimizi bərpa etmək üçün hərəkətə keçməlidir. İran istiqamətində də müdafiəyə hazır olmaq lazımdır”.

 

Azərbaycan Demokratlar Partiyasının sədri Sərdar Cəlaloğlu isə İran və Rusiyanın Azərbaycana qarşı mövqeyinin təəccüblü olmadığını vurğulayıb:

 

“Ruslar bizim xalqımızın, dövlətimizin ənənəvi düşmənidir. Ortada 300 illik siyasət var. Sovetlərin dağılmasından sonra da dəyişiklik olmayıb. İran cənubi Azərbaycan məsələsinə görə Azərbaycanı özünə düşmən seçib. Rusiya isə müsəlman və türk xalqlarını əsrlər boyu əsarətdə saxlayıb, onlara düşmən kimi baxır. Ona görə də, biz özümüzü aldadıb, Rusiya Azərbaycanın strateji müttəfiqidir deməməliyik. Rusiyanın ərazisi və potensialı güclüdür deyə, düşmənə dost deməməliyik”.

 

Partiya sədri qeyd edib ki, Rusiya və İranla dost kimi davrana bilmərik:

 

“Rusiyanın düşmənçiliyini bilə-bilə onunla dost kimi davranmaq olmaz. Rus dilinin Azərbaycanda inkişaf etdirilməsinə əməl etməməliyik. Düşmənə düşmən kimi baxmaq lazımdır. Bu düşmənçilik Rusiya xarici siyasətinin, geopolitikasının ayrılmaz tərkib hissəsidir. Bu belə də davam edəcək”. 

 

Sərdar Cəlaloğu sonda əlavə edib ki, Rusiya və İranın Azərbaycanla bağlı maraqları üst-üstə düşür:

 

“Hər iki ölkə Azərbaycanın böyüməsi və türk dünyasına inteqrasiyasına qarşıdır. Oyun ondan ibarətdir ki, bəzi məqamlarda Rusiya, bəzi məqamlarda isə İran aktivlik göstərir. Bunun qarşılığında Türk Dövlətlər Birliyi sürətlə gücləndirilməli və onun ordusu yaradılmalıdır. Eyni zamanda, Rusiya və İranın əleyhinə olan qüvvələrlə bir yerdə olmalıyıq”.

Mənbə

Share: