Rusiya Vardanyandan ÜZ DÖNDƏRDİ

Bu ilin sentyabr ayında erməni biznesmen Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Xankəndi şəhərində köçmək niyətində olduğunu açıqlamışdı. O, bir müddət sonra ailəsi ilə birlikdə Rusiyanı tərk edərək niyətini gerçəkləşdirdi və sülhməramlıların müvəqqəti nəzarətində olan Xankəndiyə yerləşib.

 

İlk gündən erməniləri öz tərəfinə çəkməyə başlayan Vardanyan qondarma qurumun “dövlət naziri” vəzifəsinə təyin edilməklə, əslində Xankəndiyə gəliş səbəbinin xarici qüvvələrin, daha dəqiq desək, Rusiyanın maraqlarından qaynaqlandığını nümayiş etdirib.

 

Noyabrın 5-də separatçıların “dövlət naziri” kimi qondarma vəzifəni icra edən Rusiyanın erməni əsilli milyarderi özünə artıq yeni komanda qurub. Belə ki, onun komandasına sələfləri Artak Beqlaryan və Qriqori Martirosyan, “Artsax”ın keçmiş mədəniyyət və təhsil naziri Narine Aqabalyan, Ermənistanın keçmiş sosial təminat naziri Mesrop Arakelyan və iş adamı Arman Akopcanyan müşavir kimi daxil olacaqlar.

 

Qeyd edək ki, Vardanyan Rusiyada “Troyka Dialoq” şirkətinin təsisçisi və Skolkovo İdarəetmə məktəbinin ilk rəhbəridir. Onun milyardlar qazandığı Rusiyadan müəmmalı şəkildə imtina etməsi ortaya bir çox suallar çıxarır. Onun hansı məqsədlə Azərbaycan şəhərinə göndərilməsi qaranlıq məqam kimi qiymətləndirilir. 

 

Noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev Azərbaycanın bu məsələ ilə bağlı rəsmi mövqeyini ortaya qoyub. Dövlət başçısı Vardanyanın Moskvadan göndərildiyini bildirərək, Azərbaycanın onunla danışıqlar aparmayacağını bəyan edib.

 

“Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib”, – prezident deyib.


Bununla da Azərbaycan açıq şəkildə Vardanyanın çirkin məqsədlə xidmət etdiyini açıqlayıb.

 

 

Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix Modern.az-a açıqlamasında Rusiyanın artıq Vardanyanla əlaqəsinin kəsildiyini, Moskvanın məqsədinin Azərbaycan və Ermənistan arasında sülhü bərqərar etmək olduğunu söyləyib:

 

“Xankəndiyə köçən Vardanyan Rusiya vətəndaşı deyil. Azərbaycan ərazisində bizim sülhməramlı missiyamız var və onlarla əlaqə saxlanılmalıdır. Ona görə də Rusiya yalnız Bakı və İrəvana uyğun gələn formatlarda təmas nöqtələri formalaşdıraraq, mövcud güc balansını qurmağa çalışır. Rusiyanın Vardanyanla əlaqəsi yoxdur”.

 

Politoloq iki ölkə arasında ilin sonuna qədər sülh müqaviləsinin bağlanması məsələsinə də münasibət bildirib.

 

“İlin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi olmayacaq. Fransa və Qərb ölkələrindən sabitliyi pozan çıxışlar edilir. Onlar aktiv olduğu müddətcə sülh mümkün deyil”,- deyə Anton Bredix Qərb ölkələrinin sülhə mane olduğunu vurğulayıb.

Mənbə

Share: