Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna Rusiya Xarici İşlər Nazirliyinin (XİN) təşəkkür məktubu verilib.
Report-un məlumatına görə, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Moskvada akkreditə olunan xarici ölkələrin səfirləri ilə görüş keçirilib.
Görüşdə Rusiya XİN-in Dövlət Protokolu İdarəsinin rəis müavini Georgi Kuznetsov Azərbaycanın Rusiyadakı səfiri, Moskvadakı diplomatik korpusun duayeni Polad Bülbüloğluna təşəkkür məktubu təqdim edib.
G.Kuznetsov qeyd edib ki, Yeni il ərəfəsində hədiyyələr vermək və konservatoriyaya baş çəkmək adətdir: “Bu, Rusiya Xarici İşlər Nazirliyinin diplomatik korpusa verdiyi bir növ hədiyyədir. Ancaq xüsusi hədiyyə vermək istədiyimiz bir nəfər var. Onsuz həyata keçirdiyimiz tədbirlərin çoxu baş tutmazdı və ya tamamilə fərqli bir atmosfer baş verərdi. Mənə səlahiyyət verilib ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna təşəkkür məktubu təqdim edim”.
Məktubda deyilir ki, keçən il Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə Rusiyanın həm siyasi qurumları, həm də mədəniyyət qurumları ilə fəal əməkdaşlıq şəraitində keçib.
“Bu vacib təşəbbüsə diplomatik korpus üzvlərinin cəlb olunmasında mühüm rol şəxsən özünüzə, eləcə də rəhbərlik etdiyiniz Azərbaycan səfirliyinin heyətinə aiddir. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə paytaxtın diplomatik korpusunun həyatında daim parlaq hadisələrə çevrilən mədəni tədbirlərin təşkili və hazırlanmasında göstərilən hər cür köməkliyə görə Sizə təşəkkür edirik. Sizə və bütün səfirliyin işçilərinə cansağlığı, firavanlıq və 2020-ci ildə gələcək peşə uğurları arzulayırıq”, – məktubda vurğulanıb.