Rusiyada dollar niyə ucuzlaşır?

Rusiyada hazırda savaş iqtisadiyyatı hökm sürür. Hökumətin iqtisadiyyata bu qədər inzibati müdaxilələr etdiyi yerdə bazar iqtisadiyyatından danışmaq çətindir.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Elşən Bağırzadə Rusiyada dollar və avronun ucuzlaşması haqda rəsmi məlumatı şərh edərkən deyib.

O bildirib ki, bazar işləmirsə, rublun real kursunu da açıqlamaq mümkün deyil:

“Ancaq iqtisadi məntiq onu deyir ki, dollar ucuzlaşa bilməz. Hazırda hər şeyin alt-üst olduğu Rusiya iqtisadiyyatında ən etibarlı yığım vasitəsi avro və dollardır. İnsanların bu valyutalara hücum etməsi normal haldır. Rusiyadan gedən şirkətlər, sahibkarlar, işçilər aktivlərini dollara və ya avroya çevirməyə çalışırlar”.

E.Bağırzadə qeyd edib ki, Rusiya böyük həcmdə idxal edən ölkədir:

“Rusiya, demək olar ki, hər bir ölkədən mal və xidmət idxal edir. Bunun üçün də valyuta lazımdır. Təbii ki, birjanın bağlı olması, ölkənin ən iri banklarının SWIFT sitemindən çıxarılması ölkədə valyuta qara bazarının inkişafına da səbəb olur”.

Qeyd edək ki, rus mediası fəaliyyət göstərməyən Moskva birjasına istinadla dolların 101,7 rubla, avronun isə 111,95 rubla düşdüyünü yazıb.

Share: