Rusiyanın “Vaqner” qruplaşmasının sahibi Yevgeni Priqojin Baxmutun tamamilə ələ keçirildiyini və əməliyyatın başa çatdığını bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, siyasi strateq Konstantin Dolqova müsahibəsində danışıb.
O qeyd edib ki, indi “Vaqner” müəyyən idarəetmə işlərini yenidən formatlaşdırmaq və dəyişmək, yenidən silahlandırmaq məcburiyyətindədir: “Heç bir bölmə ümumiyyətlə bir və ya iki aydan çox döyüşmür. 427 gün Papa Karlo kimi işlədik, çünki lazım idi”,
Priqojinin sözlərinə görə, qruplaşma iyunun 1-nə kimi Baxmutdan çıxacaq və mövqeləri Rusiya Müdafiə Nazirliyinə verəcək. O bildirib ki, Rusiya Müdafiə Nazirliyi buna hazır olmalıdır: “Əgər “Vaqner” rus ordusu qəbul etməyə hazır olmadığına görə mövqeləri təhvil verə bilmirsə, deməli, “Vaqner” rus ordusundan üstün olub. Bu, dövlətçilik baxımından düzgün deyil”.
“Vaqner”in sahibi Rusiya hakimiyyətində təmsil olunan bəzi məmurları tənqid edib. O, Lavrov və Şoyqunun qızlarının özbaşınalıqlarından danışıb. Priqojin xəbərdarlıq edib ki, rus elitası müharibə ilə ciddi məşğul olmasa, Rusiyada inqilab olacaq.
“Bu, 1917-ci ildə olduğu kimi, inqilabla başa çata bilər. Əvvəlcə əsgərlər ayağa qalxacaq, ondan sonra isə onların yaxınları ayağa qalxacaq”, – Priqojin deyib.
Priqojin bildirib ki, Qərbin müharibədən yorulacağı və Çinin sülh sazişinə vasitəçilik edəcəyi ilə bağlı optimist fikir var, lakin o, bunlara inanmır. Onun sözlərinə görə, Ukrayna rus qoşunlarını öz sərhədlərinə sıxışdırmaq məqsədi daşıyan əks-hücum əməliyyatı hazırlayır: “Çox güman ki, bu ssenari Rusiya üçün yaxşı olmayacaq, ona görə də biz çətin müharibəyə hazırlaşmalıyıq”.
“Biz elə vəziyyətdəyik ki, Rusiyanı itirə bilərik – əsas problem budur… Biz hərbi vəziyyət tətbiq etməliyik”, – “Vaqner”in rəhbəri bildirib.
Priqojin ona qoyulan “Putinin aşpazı” ləqəbinin axmaq olduğunu bildirib, çünki o, yemək bişirməyi bacarmır və heç vaxt aşpaz olmayıb. O, “Putinin qəssabı”nın daha uyğun ləqəb ola biləcəyini vurğulayıb.