
“XİN rəhbərinin telefonunun belə asanlıqla sındırıla bilməsi kəşfiyyat xidmətinə başucalığı gətirmir…”
“Böyük Britaniya hökuməti fərdi təhlükəsizlik tədbirlərinə görə cavabdehlik daşımır…”
Rusiyalı xakerlər Britaniyanın siyasi və dövlət xadimi Liz Trassın mobil telefonunu sındırıb. Kibercinayətkarlar qiymətli məlumatlara çıxış əldə edib. Müxalifət araşdırmağa çağırış edib.
Moderator.az xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, bu barədə Trass Britaniyanın xarici işlər naziri vəzifəsini tutan dönəmdə Mühafizəkarlar Partiyasının yay seçkiqabağı kampaniyası zamanı bəlli olub. Lakin o zamankı baş nazir Boris Conson və nazirlər kabinetinin katibi Saymon Keys, guya, bu məlumatı yaymamağa qərar verib. Sındırılan telefon qapalı seyfdə və mühafizə olunan yerdə saxlanılıb.

Məlumat verilib ki, xakerlər beynəlxalq tərəfdaşlarla, o cümlədən Ukrayna üçün silah tədarükü üzrə danışıqların ifrat məxfi detallarına, həmçinin Trassın Böyük Britaniyanın sahibkarlıq, energetika və sənaye strategiyası naziri ilə özəl yazışmalarına çıxış əldə edib: həmsöhbətləri Boris Consonu tənqid edib, ona görə də potensial şantaj riski yaranıb.
“Boris Consona dərhal məlumat verilib və bu məsələ nazirlər kabineti ilə razılaşdırılıb. Həmçinin bu mövzunun KİV-lərdə yayılmasına tam qadağa qoyulub. XİN rəhbərinin telefonunun belə asanlıqla sındırıla bilməsi kəşfiyyat xidmətinə başucalığı gətirmir”, – bunu “Röyter”in Böyük Britaniyanın hökumət dairələrindəki mənbəsi deyib.
Böyük Britaniya hökumətinin nümayəndələri bəyan edib ki, fərdi təhlükəsizlik tədbirlərinə görə cavabdehlik daşımırlar. Lakin mənbələr məlumat verir ki, baş verən olay qalmaqal yaradıb.
Müxalifətin dövlət xadiminin telefonunun sındırılmasından qəzəblənməsi barədə “Qardian” qəzeti də yazıb.
“Biz bilməliyik ki, hökumət bizim milli təhlükəsizliyimizin tam mühafizəsinin vacibliyini qəbul edir. Həmçinin bu məlumatın necə sızması və nədən məhz indi üzə çıxması barədə ciddi suallar ortaya çıxır”, – leyboristlərin nümayəndəsi İvett Kuper bəyan edib.
Liberal demokratların nümayəndəsi Layla Moran bəyan edib ki, Trassın telefonunun sındırılması barədə informasiyanın nədən gizlədilməsini aydınlaşdırmaq lazımdır.
“Əgər aydın olsa ki, bu məlumat ictimaiyyətdən Liz Trassın nüfuzunu və liderliyini qorumaq məqsədilə gizlədilib, bu, bağışlanılmaz olacaq”, – o, deyib.
Bu kiberhücumların arxasında kimlərin-özəl xakerlərin, yoxsa hansısa ölkənin dayanmasını izləmək üçün bir qədər zaman lazım olacaq, lakin Rusiya şübhəli ölkələrin siyahısında birincidir.