
“Əgər kollektiv məsuliyyət varsa, ədalət məhkəməsi ölüdür…”
“Mən müharibə qurbanlarına yaxınlığımı hiss edirəm…”
“Məni Putinə yaxın oliqarx hesab etmək olmaz, çünki özəlləşdirmədə iştirak etməmişəm və dövlətdən şübhəli yardım almamışam…”
Rusiyanın ən zəngin biznesmenlərindən və Böyük Britaniyanın ən varlı sakinlərindən olan, Ukraynada müharibə səbəbindən Qərbin sanksiyalar siyahısına daxil edilən Alişer Usmanov bəyan edib ki, “siyasətdən uzaq durmağa” çalışır və kollektiv məsuliyyəti qəbul etmir.
Moderator.az xəbər verir ki, bu barədə o, İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bəyan edib.
O, müsahibəsində Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləməyib, lakin ona dəstək də verməyib, döyüş əməliyyatlarının başa çatmasına ümid etdiyini ifadə edib.
“Mən Ukraynada hərbi əməliyyatların bütün qurbanlarına yaxınlığımı hiss edirəm, ümid edirəm ki, bu faciəli münaqişə tezliklə bitəcək və diplomatiya, nəhayət, öz rolunu oynayacaq. Biz tez bir zamanda itirdiyimiz qarşılıqlı etimadı bərpa etməliyik. Bunu istisnasız olaraq hamı, o cümlədən avropalılar etməlidir”, – Usmanov bəyan edib.

Milyardçının sözlərinə görə, ona qarşı o cümlədən Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar onun nüfuzuna çox güclü zərbə vurub.
“Mən on ilə yaxındır ki, öz biznesimə son qoymuşam, cərimələrin dəyərini hesablamaq çətindir. Bunlar təkcə mənə deyil, ailə üzvlərimə, mənim səhmdar olduğum şirkətlərə, onların əməkdaşlarına və mənim xeyriyyə lahiyələrimin kömək etdiyi minlərlə adamlara şamil edilib. Digər tərəfdən, mənim nüfuzuma çox böyük ziyanın vurulması da aydındır”, – Usmanov vurğulayıb.
“Forbes” jurnalının məlumatına görə, rusiyalılar arasında sərvətinə görə səkkizinci yeri tutan biznesmen iddia edir ki, onu Putinə yaxın olan oliqarx hesab etmək olmaz, çünki “özəllışdirmədə iştirak etməyib” və “dövlətdən şübhəli yardım almayıb”.
Putinin dostu olması və “etibarlı oliqarx kimi” Kremlin “xüsusi tapşırıqlarını icra etməsi” barə suala cavabında Usmanov bəyan edib ki, bu, Rusiya gerçəklikləri barəsində təhrif edilmiş təsəvvürdür.
“Putinə gəlincə, bəli, o, mənim uğurlarıma görə bir neçə dəfə məni mükafatlandırıb, lakin bunu xaricilərin də belə etirafa görə rəqabət apardığı illərdə edib”, – Usmanov deyib və qeyd edib ki, ona qarşı tətbiq edilən sanksiyalar ədalətsizdir.
“İnsanlara ciblərində olan pullarına və ya pasportuna görə damğa vurulanda, biz bunun hansı bəlalara gətirdiyini tarixdən bilirik. Əgər kollektiv məsuliyyət varsa, ədalət məhkəməsi ölüdür”, – o, bəyan edib.
Milyardçının sözlərinə görə, onun şirkətlərinin vergilər yolu ilə müharibəni maliyyələşdirməsi barədə iradlar ədalətsizdir, çünki Qərb şirkətləri də Rusiyada vergi ödəyir.
“Dostlar belə davranmır”, – o, Sardiniyada onunla bağlı olan daşınmaz əmlakın həbsindən danışarkən deyib və qeyd edib ki, İtaliyaya sevgisi bununla azalmayacaq.