
“Müxalifətin vahid namizədi açıqlandıqdan sonra Türkiyədə çox şey aydınlaşacaq…”
“Gözlənilən uğurlu əməliyyatlar baş tutmalıdır. Çünki ciddi və böyük hazırlıq işləri gedir. Düzdür, Ukraynanın iqtisadiyyatına, xüsusən infrastrukturuna böyük zərbələr dəyib. Ancaq xaricdən yardımlar da böyükdür və xalqın, ordunun motivasiyası, ruh yüksəkliyi də güclüdür”.
Bunu Moderator.az-a açıqlamasında “Deyilənə görə, mart-aprel aylarında Ukrayna ordusu Rusiya işğalçılarına qarşı genişmiqyaslı uğurlu əks-hücum planlaşdırır. Necə düşünürsüz, bu, baş tutacaqmı?” sualını cavablandırarkən Milli İstiqlal partiyasının qurucusu Etibar Məmmədov söyləyib.
“O da açıq-aydın görünür ki, Ukrayna ordusu Rusiya ordusuna qarşı lazımi səviyyədə vuruşur. Rusiyanın beynəlxalq miqyasda təklənməsi və təcrid olunması prosesi də gedir və sürətlə davam edir. Və çox güman ki, bu yaxın aylarda məsələlərin həlli istiqamətində böyük irəliləyişlər olacaq”- deyə davamında siyasətçi bildirib.
“Qardaş Türkiyədə dəhşətli və faciəli zəlzələdən sonrakı və gözlənilən, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın son çıxışında dediyi kimi, təxirə salınmayacaq 14 may prezident və parlament seçkiləri ərəfəsində siyasi meydanda hansı yeniliklər var və nələr gözlənilir?” sualına cavabında isə həmsöhbətimiz belə deyib:
“Zəlzələ, əlbəttə ki, böyük miqyasda canlı və maddi itkilərə, dağıntılara səbəb oldu. Belə bir fəlakətin vurduğu zərbələrin, zərərlərin altından çıxmaq istənilən dövlət üçün o qədər də asan deyil. Və Türkiyənin belə bir ağır durumunda ortada seçki məsələsi də var. Və Ərdoğanın rəqibləri də hələ güclü zəlzələlər davam etdiyi bir vaxtda bundan siyasi məqsədlər üçün istifadə etməyə çalışdılar… İndi yəqin ki, tezliklə müxalifətin vahid namizədi açıqlanacaq və ondan sonra çox şey aydınlaşacaq”.
Sultan Laçın