Rusiyanın Ermənistandan QİSASI DAHA AĞIR OLACAQ

Qərb Ermənistandan daha effektiv addımlar atmasını gözləyir. Bunu Nikol Paşinyanın bu gün keçirdiyi mətbuat konfransındakı Rusiya ilə bağlı bəyanatları düşünməyə əsas verir. 

 

Paşinyanın “Rusiyanın Ermənistanda hərbi mövcudluğu təkcə Ermənistanın təhlükəsizliyinə zəmanət vermir, əksinə, respublika üçün təhlükələr yaradır” açıqlaması Qərbin İrəvan qarşısında təcili nəticəyə hesablanmış addımlar atmasını gözlədiyindən xəbər verir.

 

Bu o deməkdir ki, Ermənistan siyasi rəhbərliyi qarşısında Qərb və ABŞ konkret tapşırıqlar qoyub və bu tapşırıqlardan ən başlıcası da məhz Ermənistanın Rusiyanın orbitindən sürətli şəkildə çıxarılması məsələsidir. 

 

 

Ermənistan baş nazirinin növbəti açıqlamasında bu mövzu ilə bağlı ehtimallar bir qədər də özünü doğrultmuş oldu. Paşinyanın bildirdi ki, “Ermənistanın müdafiə naziri artıq KTMT-dəki həmkarlarına yazılı şəkildə məlumat verib ki, bu vəziyyətdə Ermənistanda KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmirik. Bu təlimlər ən azı bu il Ermənistanda keçirilməyəcək”. 

 

Bununla da erməni baş nazir ölkəsinin Rusiyanın təsir dairəsindən çıxarılması üçün atacağı əsas addımı açıq şəkildə təsdiqlədi – Ermənistan daha Rusiyanın rəhbərlik etdiyi hərbi blokda yer almaq istəmir. Rəsmi İrəvan Rusiya hərbi bazasının Ermənistanın ərazisində olmasını təhlükəsizliyinə təhdid adlandırmaqla Gümrü hərbi bazası başda olmaqla, Qarabağdakı sülhməramlı kontingentin də həmin əraziləri tərk etmək istədiyini Moskvaya etiraf etmiş sayıldı. 

 

Ermənistan beləcə, artıq Rusiyaya onunla bütün bu sadalanan bağları qoparmaq istədiyini, sadəcə qonşuluq əlaqələri çərçivəsində münasibətlərin saxlanılması istəyini qarşı tərəfə bəyan etdi. Paşinyanın birdən-birə belə açıq şəkildə rəsmi İrəvanın mövqeyini Moskvanın diqqətinə çatdırması əslində indinin məsələsi yox, 2018-ci ildən baş nazir postuna gəldiyi vaxtdan başlayıb. Sadəcə, Azərbaycanın 44 günlük müharibədəki tarixi Zəfəri bu prosesin lokomotivinə çevrildi.

 

 

Bir neçə gündür Ermənistan mediasında yayılan məlumatlar isə Paşinyanın bu günkü açıqlamaları ilə üst-üstə düşdü. Mediada yayılan məlumatlarda bildirilirdi ki, “Ermənistan baş naziri bu yaxınlarda ultimatum formasında Kremldən Laçın dəhlizinin blokunu yanvarın 10-dək açmağı tələb edib. Bu baş verməyəcəyi təqdirdə Ermənistan MDB və KTMT-dən çıxacaq”. 

 

Paşinyanın Rusiyadan narazılığının nəticəsidir ki, o bildirib ki, Ermənistan bundan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinə ev sahibliyi etməyəcək. Paşinyan söyləyib ki, Ermənistan hazırkı vəziyyətdə KTMT təlimlərinin keçirilməsini yersiz hesab edir. Paşinyan bu gedişlə bir müddət sonra Ermənistanın KTMT-də üzvlüyünün davamının mənasız olacağını səsləndirəcək.

 

Tarix həmən tarixdir, bu gün Laçın yolunun Şuşa-Xankəndi hissəsində azərbaycanlı QHT nümayəndələrinin, vətəndaş cəmiyyəti nümayəndələrinin və ekofəalların etiraz aksiyasına başlamasının bir ayı tamam olur. Paşinyanın Rusiya qarşısında qoyduğu “aksiyanın yatırılması” tələbi isə işinə yarımadı. Məhz erməni mediasında qeyd olunan tarixin tamamında Paşinyanın mətbuat konfransı keçirərək açıqlamalar verməsi hadisələri qabaqlamaq cəhdindən başqa bir şey deyil.

 

 

Çünki Ermənistan baş nazirinin belə bir tələblə Moskva qarşısında çıxış etməsi zamanı Paşinyan çox gözəl bilirdi ki, Rusiya aksiyanın yatırılması məsələsinə qol qoymayacaq. Həm bunun üçün Moskvanın hüquq zəmində səlahiyyəti çatmır, həm də rusa elə bu vəziyyət sərf edir. Ona görə hüququ çatmır ki, etirazların kçeirildiyi ərazi Azərbaycanın legitim ərazisindir, Azərbaycan ərazisində hər hansı bir məsələyə müdaxilə isə rəsmi Bakının işinə qarışmaqdır. Çünki Rusiyaya da aksiyanın davamı sərf edir ki, kənardan “hər an toqquşma baş verə bilər” təssüratı yaransın və bu situasiya Rusiyanın “təznimləyici” aktor kimi Qarabağda daha uzun müddətə qalması üçün zəmindən başqa bir şey ola bilməz. Amma təbii ki, bütün bunlar Rusiyanın nəzərində olan məsələlərdir. 

 

Əslində Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında ötən gün keçirilən aksiya da elə rəsmi İrəvanın öz planı idi. Amma Nikol Paşinyan o etirazlarda iştirak edənləri həbs etmək əmri verməklə Kremlin fikrini yayındarmağa çalışdı, göstərmək istədi ki, guya onun bu aksiya ilə bir əlaqəsi yoxdur. 

 

Sirr deyil ki, Rusiyanın hərbi bazası qarşısında aksiyanı birbaşa Paşinyan təşkil etməsə də, Ermənistanın baş naziri etiraza şərait yaradıb. Çünki Nikol Paşinyan istəsəydi etirazın qarşısını elə etirazçılar hərbi bazaya yürüşə başlayarkən alardı.

 

 

Digər diqqət çəkən məqam isə həmin aksiyada səsləndirilən bəyanatlardır. Gümrü hərbi bazasının qarşısındakı şüarlarda Rusiya və Kreml sahibi Vladimir Putin əleyhinə aşağılayıcı şüarlar səsləndirən bir qrup şəxs “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” şüarlarını bağırmaqla əslində Ermənistan baş nazirinin avxtaşırı demək istəyib də, dolayı cümlələrlə ifadə etdiyi fikirləri dilə gətirmiş oldular.

 

Həm Gümrüdəki etirazlarla, həm də bu günki çıxışı ilə Paşinyan Kremlə demək istədi ki, Laçın yolundakı aksiyanı yatırmasanız Ermənistanda Rusiya əleyhinə narazılıq pik həddə çatacaq. 

 

Bəs, Bakı nə düşünür?

 

Azərbaycanın məqsədini-məramını dövlət başçısı son çıxışlarında daha konkret şəkildə masaya yatırdı. Azərbaycan məqsədlərinə və tələblərinə nail olmayana kimi aksiyanı dayandırmaq fikrində deyil. Aksiyanın davam etdiyi bu bir ay içində separatçı rejimin daxilində qarşıdurma yarandığını açıq şəkildə gördük. Qarabağda həyat şərtlərinin çətinləşməsi bu “didişməni” daha da kəskinləşdirə bilər və bu, bütün hallarda xeyrimizədir. Hazırki durum onu deməyə əsas verir ki, Azərbaycan Laçındakı aksiyalar fonunda danışıqlarda mövqeyini daha da gücləndirib .

 

Növbə Kremlindir, Kremlin Nikol Paşinyanı cəzalandırmağın yeni üsulları barədə düşündüyü istisna edilmir. Moskvada da çox yaxşı başa düşürlər ki, Nikol Paşinyan ABŞ və Fransa ilə daha da yaxınlaşmaq üçün hazırda Rusiya əleyhinə çox ciddi bəhanə axtarışındadır.

 

 

Yaradıldığı zamandan bu yana regionda təhlükəsizliyinin təminatçısı olan Rusiyaya indi arxa çevirərək, onu Qərbin daha şirin vədlərinə dəyişəm qərarı verən Ermənistan rəhbərliyi bəlkə də yenidən 2020-ci ilin sentyabr hadisələri ərəfəsindəki qədər tələskənlik göstərdi. Rəsmi Moskva bu gün faktiki olaraq öz hərbi birləşməsi ilə bölgədə olan üçüncü və yeganə kənar aktordur. Rusiya Ermənistanın bu xəyanətini daha ağır formada cəzalandırmaq üçün yenidən İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi müəyyən müddətlik sükuta qərq olmaq, neytral mövqe almaq, proseslərə tamaşaçı qalmaq yolunu seçməklə sülhdən yayınan, destruktiv mövqeyindən əl çəkməyən, danışıqlar masasından qalxan (1. dekabrın 7-də Brüssel görüşündə iştirak etməmək üçün Bakı qarşısında Emanuel Makronun da bu formatda işitrakı tələbi ilə çıxış etməklə faktiki olaraq bu formatı əbədi və əzəli dondurdu; 2. Ararat Mirzoyan dekabrın 23-də Moskvada Ruisya, Ermənistan və Azərbaycan XİN başçılarının görüşündən imtina etməklə bu formatı da baykot etdi) Ermənistanı Azərbaycanla baş-başa qoya bilər və yaxud Rusiya hərbi kontingentinin Qarabağdakı səlahiyyətlərini tədricən Azərbaycan ordusuna təhvil verməklə Paşinyana ən ağır cəzanı verə bilər. /Milli.az/

 

Mənbə

Share: