“Rusiyanın hərəkətləri qəddardır, beynəlxalq hüquqa ziddir və onu bağışlamaq olmaz…”

“Putinin sözlərinə ciddi yanaşmaq lazımdır, bu, bizim zəifliyimiz deyil, siyasi müdrikliyimizdir” 

“Vəziyyət faciəlidir, Rusiyanın atdığı addım isə çox böyük yanlışlıqdır…”

“Ukrayna böhranının qarşısını almaq üçün göstərdiyimiz cəhdlər uğursuz olub…” 

Angela Merkel Putin və Rusiya ilə gələcək münasibətlər haqqında…

Ukrayna münaqişəsi başlayandan Almaniyanın sabiq kansleri Angela Merkel zahirən Putinə hörmət bəslədiyinə görə tənqid atəşinə məruz qalıb. Merkel bu ittihamlara cavab verib.

O, “siyasi müdriklik nümayiş etdirməyi” və Putinin bu yaxınlardakı xəbərdarlıqlarını dinləməyi məsləhət görüb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Almaniyanın “Stern” nəşri yazıb.

Helmut Koll Fondunun açılışı zamanı açıqlama verən Angela Merkel Rusiyanın Ukraynadakı hərəkətlərindən danışarkən Vladimir Putini tənqid edib.

Eyni zamanda o, deyib ki, onun sözlərinə ciddi yanaşmaq lazımdır. Bu, qətiyyən bizim zəifliyimiz deyil, əksinə, siyasi müdrikliyimizin nümayişidir”.

Onun sözlərinə görə, Helmut Koll bu gün Ukraynanın suverenliyi və ərazi bütövlüyünü bərpa etmək üçün bütün səylərini göstərərdi. Eyni zamanda, Helmut Koll Rusiya ilə münasibətlərin bərpası məsələsini də diqqətdən kənar saxlamırdı.

Merkel Putinin Ukraynada törətdiklərini kəskin tənqid edərək deyib ki, bütün bu hərəkətlər “beynəlxalq birlik, o cümlədən Sovet İttifaqı və sonradan Rusiyanın Helsinki prosesinin gedişində və Paris xartiyasının işlənib hazırlamasında əldə etdikləri konsensusun əsaslarını dağıdır”.

Merkel Ukraynada 2014-cü ildə baş vermiş inqilabı fəal surətdə dəstəkləyib.

Münaqişəni “böyük faciə” adlandıran Merkel deyib ki, bunun qarşısnı almaq üçün çox cəhdlər göstərib, təəssüf ki, onlar uğursuz olub.

Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi başlayandan sonra Merkelin ünvanına tənqidlər artıb.

Belə ki, Alman Xarici Siyasət Cəmiyyətinin nümayəndələri bəyan edib ki, Merkel özünün Şərqi Almaniya mənşəyi sayəsində Rusiya prezidentinin məntiqini anlayıb və onun yalan danışmasını hiss edib. Buna baxmayaraq, heç bir nəticə çıxarmayıb:

“Əksinə, sonda o, öz hakimiyyəti və Almaniya iqtisadiyyatının maraqları naminə özünü opportunist kimi aparıb”.

Rusiya qoşunlarının Kiyevi zəbt etmək cəhdi Merkel üçün surpriz olmayıb. Bu barədə o, “Şpigel” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Amerikanın xüsusi xidmət orqanlarının müvafiq məlumatları birmənalı olub. Lakin Merkel hesab edir ki, əslində, “soyuq müharibə” heç vaxt bitməyib. 2007-ci ildə Soçiyə səfəri zamanı Putin ona deyib ki, Sovet İttifaqının dağılması “XX əsrin ən böyük fəlakətidir”.

Bununla birlikdə, Merkel öz fikirlərində israrlıdır: Rusiyanın hərəkətləri “qəddardır, beynəlxalq hüquqa zidd olan əməldir və onu bağışlamaq olmaz”.

Onun sözlərinə görə, vəziyyət faciəlidir, Rusiyanın atdığı addım isə “çox böyük yanlışlıqdır”.

Mənbə

Share: