Rusiyanın Laçın yolunu kəsməsinin səbəbləri

Rusiya Müdafiə Nazirliyi son dörd gündə sayca üçüncü eyni məzmunlu açıqlama yayıb ki, bəs Laçın dəhlizinin açılması ilə bağlı Azərbaycan və Ermənistanla danışıqlar aparır. Məntiqlə danışıqlar yolu bağlayan Rusiyanın Qarabağdakı müvəqqəti hərbi komandanlığı ilə aparılmalıdır. Elə bu gün – 15 dekabrda – rus hərbçilərin növbəti maşın karvanının Laçın yolundan maneəsiz keçərək getməsi də dediklərimizin təsdiqidir.

 

Ondan əvvəl də Rusiya hərbi kontingentinin avtomobilləri ekofəalların aksiya keçirdiyi məkandan keçib, yollarına davam etmişdilər.

 

Düzdür, bəzi erməni ekspertlər artıq işin nə yerdə olduğunu anlayıblar, azərbaycanlı fəalların aksiya keçirdiyi ərazinin iki tərəfdən Rusiya hərbi və yük maşınları ilə kəsilməsini əks etdirən kadrları göstərərək yolu kəsənin kim olduğunu deməyə başlayıblar. Amma erməni şivəni içərisində belə “xaric” səslər eşidilməz olur…

 

Bəli, Azərbaycanın konkret tələbləri var və bunu gizlətmir. Hər şey ordan başladı ki, dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinqin aparmasına imkan verilmədi. Özü də “sülhməramlılar”ın hərəkətsizliyi ucbatından, üstəlik də separatçılara (oxu: dəliyə) “fel, əllərinə bel” verilməsi, monitorinq qrupumuzun yolunu kəsmələri səbəbindən razılaşma pozuldu.

 

3594b3d2446c01ccff654690118f1334.jpg (132 KB)

 

Təbii ki, burada Rusiya hərbi kontingentinin komandanı Andrey Volkovun, həmçinin separatçı-terrorçu qurumun rəhbərliyinin, eyni zamanda Ruben Vardanyanın cinayətlərin izlərini gizlətmək qəsdi var, bu, aydın məsələdir. Eyni zamanda Rusiyaya bağlı şirkətin Qarabağın qızıl, mis, molibden ehtiyatlarını yağmalaması faktı da öz sözünü deyib.

 

Ancaq fikrimizcə, burada digər mühüm və bir o qədər də diqqəti cəlb etməmiş, müzakirə mövzusu olmayan detallara toxunmaqda fayda var. Bir çox müşahidəçilər azərbaycanın ekologiya mütəxəssisləri, vətəndaş cəmiyyəti və media nümayəndələrinin fasiləsiz aksiyasına Rusiyanın soyuqqanlı davranışından bəhs edir, hətta iddialar var ki, burada anlaşma var. Qəribədir ki, bəzi hallarda düşmən tərəfdən də bənzər iddialar irəli sürülür. Amma belə bir nəticəyə gəlməyə tələsməməliyik. Laçın yolu təkcə ermənilər üçün yox, Rusiya sülhməramlıları üçün həyati əhəmiyyət kəsb edir. Belə olduqda Azərbaycanın bu yolu kəsməsinə niyə razılıq versin ki? Amma rus kontingent yolu özü kəsib, istədiyi vaxt etirazçı azərbaycanlıların arasından keçərək geri və ya irəli hərəkət etmək imkanını da özündə saxlayır.

 

Təbii ki, burada həm Azərbaycanın, həm də Rusiyanın maraqları var. Azərbaycan tərəfin maraqları bəllidir, səslənən tələblərdən aydın görünür. Aksiyanın 4-cü günündə tam haqlı olaraq ekoloji terrora son qoyulması, komandanlığın ortaya çıxması tələblərinin üzərinə Qarabağdakı xunta rejiinə başçılıq edən canilərin Azərbaycan ərazilərindən rədd olmaları, mina terroruna son qoyulması kimi tələblər də irəli sürülüb. Üstəlik, Laçın yolunun girişində Gömrük və Sərhəd Xidmətinin postlarının qurulması, giriş-çıxışa Azərbaycanın müvafiq qurumlarının nəzarət etməsi barədə tələblər həm ölkəmizin konstitusiyasına, həm də beynəlxalq qanunlara əsaslanır. Ermənilər dünyanın başqa hansı ölkəsinə bu şəkildə özbaşına girib-çıxa bilirlər?! Bu mənada nəhayət, düzən yaradılmalı, Azərbaycan öz ərazisinə kimlərin gəldiyinə, kimlərinə çıxdığına nəzarət etməlidir təbii olaraq…

 

Bəs, bu prosesdə Rusiya tərəfin qazancı nədən ibarətdir? Bu, faktdır ki, Moskva Ermənistan hakimiyyətinin mövqeyindən ciddi şəkildə narazıdır. Elə ötən ay prezident Putinin İrəvandakı KTM sammitindən heç bir sənəd imzalanmadan geri dönməsi, daha sonra Paşinyanın onu gözlətməsi və digər açıq nümayiş olunan kadrlar belə, nəticə çıxarmaq üçün yetərlidir. Ermənistan hakimiyyəti Qərbdəki havadarlarının və İran mollalarının təlimatına uyğun davranaraq, Zəngəzur dəhlizinin də açılmasına maneçilik törədir. Bu, bir faktdır ki, Rusiya və Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı da mövqelərində üst-üstə düşən məqamlar var. Dünyada təcrid vəziyyətinə düşən Rusiya bu yola xilas yolu kimi baxır…

 

011cff43-0256-41a5-a030-40a2e0702749.jpeg (58 KB)

 

Ermənistanın israrla müqavimət göstərməsi təbii ki, Rusiyanı “cin atına mindirir”. Deyir dünənə qədər mənim forpostum idin, süfrəmin qırım-qırtığı ilə yamamısan, ordunu verdiyim silah-sursat, hərbi texnika ilə təmin eləmisən, indi üzümə ağ olursan?! Göründüyü kimi, Laçın yolundakı vəziyyətlə bağlı Rusiya ABŞ, Fransa və digər ölkələrdən sonra, hadisələrin 72-ci saatında açıqladı, özü də daha loyal şəkildə. Yəni Rusiyanın maraqlarına uyğun cərəyan edir proseslər. Həm İrəvana təzyiq göstərir, həm də hər hansı gərginlik baş versə, prosesə aktiv müdaxilə etmək şansı qazanır, mövcudluğunu daha 5 il artırmaqdan ötrü “əsas” əldə edir.

 

Rusiyanın Laçın yolunu bağlanmasının daha ilginc səbəbləri barədə təxminləri yazaq. Bu hadisələr nə zaman başladı? Qarabağın baş terrorçusu Araik Arutyunyan öz başının dəstəsi ilə Fransaya səfər edərkən. Sizcə, Moskva bunu normalmı qarşılayır? Rusiya heç Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə bir araya gəlib, sülh danışıqlarını aparmasını belə istəmir, elə sonuncu görüşün pozulması üçün əlindən gələni etdi. Rusiya hətta Azərbaycanın qaranlığa qərq olmuş Ukraynaya generator göndərməsinə normal, humanitar aksiya kimi yanaşa bilmir, o ki qaldı Araik Artyunyan və digər separatçıların Rusiyanı düşmən sayan, Ukraynaya hər cür dəstək verən Fransaya səfərinə sakit yanaşsın.

 

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb”-deyərkən heç şübhəsiz konkret dəlil-sübutlara əsaslanıb. Bu məsələyə kimsənin şübhəsi ola bilməz. Bəli, səbəblər açıqlanmır, amma ona da şübhəmiz yoxdur ki, Rusiya Azərbaycan tərəfdən başladılan dinc aksiyanı da fürsət bilib və Araiki, onun dəstəsini cəzalandırmaq üçün Laçın yolunu bağlayıb.Budur, Arutyunyan neçə gündür Qarabağa qayıda bilmir, onun komanda üzvləri İrəvan küçələrində sülənir, “vəzifəsi”ni Vardanyana verən Artak Beqlaryan isə BMT-nin İrəvan ofisi qarşısında zəvzəyir. Fransa səfəri separatçıların burnundan gətirilir. Açması budur: “Belə qudurmusuz, mənim düşmənimlə əlaqə qurursunuz?!”

 

Araiki keçmiş komandan dostu Rustam Muradov himayə edirdi, indi o da yoxdur, sahibsizdir! Volkov da Vardanyanla alış-verişdə…

 

799a73cf-fac8-42ea-9baf-12630fdba56a.jpeg (20 KB)

 

Hazırda Xankəndidə söz sahibi kimdir? “Rusiyanın canişini” milyarder Ruben Vardanyan! Hətta Araik fakt qarşısında qalaraq hərbi vəziyyət elan etdi, rəhbərliyi də Vardanyana həvalə elədi. Prezident Əliyev noyabrın 17-də nə demişdi? Xatırladaq: “O, (Vardanyan-red.) Moskvadan çox aydın gündəliklə göndərilib”. Prezidentin bu plan haqqında ciddi məlumatlarının olduğuna kimsə şübhə edə bilməz. Proseslərin sonrakı gedişatına baxın: monitorinqlə bağlı razılaşma pozulur, məhz Vardanyanın müdaxiləsi nəticəsində, Arayik və başının dəstəsi xaricdə süləndiyi vaxt Laçın yolu kəsilir, bütün “səlahiyyətlər” erməni milyarderin – Rusiyanın “keçmiş” vətəndaşının əlinə keçir. Bəli, Araik Arutyunyan konkret təlimatla gəlib Qarabağa, üstəlik, əl-ayağına dolaşanlar da qalıb Ermənistanda. Xankəndidə qalmış Vitaliy Balasanyanın da öldü-qaldısından xəbər yoxdur. Arutyunyan Vardanyanın gəlişindən məmnun olmamışdı, onun “dövlət naziri” vəzifəsi təklifinə Ruben noyabrın 1-nədək fikirləşəcəyini deməklə özünü naza qoymuş, dirəniş göstərmişdi. Soyuqluq göz önündəydi, baş terrorçu arxa plana keçmişdi son aylar. Bu gedişlə ermənilər arasında da qovğa başlaya bilər. Amma bunun bizə heç dəxli yoxdur. Heç Rusiyanın planlarının, erməni separatçıları ilə haqq-hesabının da. Azərbaycan hər fürsətdən öz maraqlarnın təmin olunmasına çalışmalıdır və çalışır da. Bu məsələdə vətəndaş olaraq hər birimizin üzərinə düşən məsuliyyət yükü var.

 

İnşallah Xankəndidə görüşmək üzrə!

 

Elşad PAŞASOY,

Musavat.com

 

Mənbə

Share: