Rusiyanın Nijeqorod vilayətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb

Rusiya Federasiyasının Nijeqorod vilayətinə tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb.

Bu barədə “Report”a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Qeyd olunub ki, AQTA başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Rusiya Federasiyasının Nijeqorod vilayətində Nyukasl xəstəliyi aradan qaldırılıb. WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və qeyd olunan inzibati ərazi vahidinin bu xəstəlikdən epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, Rusiya Federasiyasının Nijeqorod vilayətindən WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Mənbə

Share: