Rusiyanın ümid etdiyi 3 nəhəng ölkə Kremli satır

Rusiyanın müxtəlif ölkələrə satdığı əsas iki məhsulu var – neft və qaz. Rusiyanın əsas gəliri bu iki məhsulun satışından əldə edilir. ABŞ da Rusiyanı bu məshulların satışından məhrum etməyə çalışır.

Millətin Səsi.az  xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bununla bağlı ABŞ neftlə zəngin Venesuela ilə danışıqlara başlayıb:

“Karakasa Amerikadan nümayəndə heyəti gedib. Amerika Rusiyaya sərtləşdirdiyi sanksiyalar fonunda Venesualaya tətbiq etdiyi sanksiyanı yumşaltmağa hazırlaşır. Bu baş verərsə, Venesueala neft istehsalını 50 faiz artıra bilər. ABŞ sanksiyalarına qədər Venesuela gündəlik 3 milyon barrel neft istehsal edirdi. Sanksiyadan sonra bu rəqəm 800 min barrelə düşüb. İqtisadi vəziyyəti ağır olan Veneseula üçün sanksiyaların ortadan qadırılması və ya yumşaldılması həyati vacibdir. Bu, başda ABŞ olmaqla, müxtəlif ölkələri Rusiya neftindən imtina edib, Veneseualadan neft almağa yönəldə bilər. Venesuela Vaşinqtonun sanksiyaları yumşaltmaq istəyi qarşılığında ABŞ-ın iki vətəndaşını həbsxanadan azad edib. Ağ Ev Karakasın bu jestini yüksək qiymətləndirib. Maduro neftini satıb vətəndaşlarının sosial durumunu normallaşdırmaq istəyir. Ona görə də Karakas Rusiya ilə strateji tərəfdaşlığı Amerikanın sanksiyalarını yumşaltmaq qərarına qurban verməyə hazırdır”.

Politoloqun sözlərinə görə, rus neftinə alternativ digər mənbə İrandır:

“Vaşinqton İrana qarşı da sanksiyaların yumşaldılması barədə düşünür. Əlbəttə, Ağ Ev İranla bağlı qərarını qısa müddətdə dəyişməyəcək. Ancaq Vaşinqton Tehrana sanksiyalarını bir qədər yumşaldarsa, İran dünya bazarına kifayət qədər neft çıxara bilər. İran Prezidenti İbrahim Rəisi də mövcud vəziyyəti qiymətləndirərək dünya bazarına indikindən daha çox neft sata biləcəyini açıqlayıb. Veneseula kimi İranın da Rusiya ilə tərəfdaşlıq münasibətləri var. Ancaq Karakas kimi Tehran da ilk növbədə ölkə iqtisadiyyatını, vətəndaşların sosial durumunu yaxşılaşdırmağı düşünmək məcburiyyətindədir”.

E.Şahinoğlu Rusiya növbəti zərbənini dostu Çindən aldığını iddia edib:

“Kreml Qərbin sanksiyaları fonunda Qərb ölkələrinə sata bilmədiyi nefti Çinə satmağı planlaşdırırdı. Ancaq Çin Qərbin sanksiyalarından ehtiyat edir. Ona görə də Pekin “müvəqqəti” adı altında Rusiyadan neft alışını dayandırıb. Pekini anlamaq olar. Rusiya neftinin alışına görə maliyyə vəsatinin bank üzərindən ödənişi problematikdir. Çünki Rusiyanın əsas bankları sanksiya altındadır. O biri tərəfdən Çin neftə olan tələbatının əsas hissəsini illərdir ərəb ölkələrindən və İrandan alır.

Bu arada, Çin Rusiya təyyarələri üçün detalların satışını da dayandırıb. Bunun da səbəbi eynidir – Qərb sanksiyaları altına düşmək istəmir. Çinin imtinaları Rusiyanı daha ağır vəziyyətə sürükləyəcək. Ancaq Kremlin Pekinə etiraz etməyə haqqı yoxdur. Pekin ən azı Kremlə bunu deyə bilər: “Ukraynaya hücum edərkən mənimlə məsləhətləşmişdin?”

Axar.az

Share: