“Rusiyanın xüsusi təyinatlıları bölmələrinin tükənməsi lap əvvəldən müharibənin dinamikasını dəyişib…”
“Xüsusi təyinatlı döyüşçünün hazırlanmasına ən azı dörd il tələb edilir…”
Rusiya ordusu elit hissələrinin itkiləri ucbatından faktiki olaraq müharibənin ilk aylarından cəbhədə kəşfiyyatsız qalıb.
Moderator.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri yazıb.
Pentaqonun sosial şəbəkələrə “sızan” məxfi məlumatlardan bəlli olub ki, Rusiyanın xüsusi təyinatlı qüvvələri hələ Ukraynaya hərbi müdaxilənin əvvəlində ağır itkilərə məruz qalıb. Bunların bərpasına illər tələb ediləcək, qəzet yazır.
Pentaqonun dəyərləndirmələrinə görə, Rusiya komandanlığı xüsusi təyinatlı qüvvələrindən ön cəbhənin piyada bölmələri qismində fəal şəkildə istifadə edib, nəticədə çoxlu sayda ölən və yaralanan olub.
Nəşr qeyd edir ki, adətən, xüsusi təyinatlı qüvvələrə gizli riskli missiyalar, məsələn, Ukrayna prezidenti Vladimir Zelenskini əsir götürmək missiyası tapşırılır.
Lakin Rusiya komandanlığı öz qoşunlarının hücum impulsunu saxlamağa cəhd edərək və adi piyadaların döyüş imkanlarına skeptik yanaşaraq elit qüvvələrini birbaşa piyada döyüşlərində istifadə edib.
“Rusiyanın xüsusi təyinatlıları bölmələrinin tükənməsi müharibənin əvvəlindən onun dinamikasını dəyişib, Moskvanın adi döyüş əməliyyatlarına dəstək vermək üçün gizli taktikadan istifadə etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırıb”, – nəşr yazıb.
Pentaqon analitikləri hesab edir ki, bu bölmələrin heyrətamiz itkiləri onların Rusiyanın dünyanın digər hissələrində fəaliyyətdə olan qüvvələrinin səmərəsini məhdudlaşdıracaq.
Sosial şəbəkələrə sızan sənədlərdə deyilir ki, xüsusi təyinatlı döyüşçünün hazırlanmasına ən azı dörd il tələb edilir. Deməli, Moskvaya bu bölmələrin bərpası üçün on il zaman tələb oluna bilər.
Analitiklər güman edir ki, xüsusi təyinatlıların döyüş qüvvəsi kimi itirilməsi Rusiyanı Ukraynada effektiv cəbhə kəşfiyyatından məhrum edib.