Rüstəmxanlı görüşlərini davam etdirir – Video

61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı təbliğat-təşviqat prosesi çərçivəsində Yod-brom zavodunda seçicilərlə görüşüb. Deputatlığa namizədin vəkilləri çıxış edərək, onun gördüyü işlərdən, Neftçala barədə planlarından söz açıblar.

Milletinsesi.az xəbər verir ki, zavodun qocaman geoloqu, rayonda “canlı ensklopediya” adlandırılan Bağır Güləhmədov Sabir Rüstəmxanlı haqqında geniş nitq söyləyib.

“Sabir müəllim hələ tələbəlik illərindən özünü bu millətə həsr edib, bu xalqın inkişafı üçün əlindən nə gəlibsə, əsirgəməyib. Hətta ən təhlükəli anlarda belə, o, yolundan geri çəkilməyib. İndi biz bir millət olaraq sizin arxanızda dayanmalıyıq, siz bunu haqq etmisiz. Bəxtiyar Vahabzadə çıxışlarınln birində dedi ki, Sabir əsl kişi adamdır. Sizin mərdliyinizə, qorxmazlığınıza, millət üçün mücadilənizə ulu öndər Heydər Əliyev də yüksək qiymət verib. Biz bu gün fəxr edirik ki, Sabir Rüstəmxanlı bizim rayonumuza gəlib. Bütün Neftçala sizin arxanızdadır. Mən əminəm ki, bu camaat seçki günü məntəqələrə gələrək yekdilliklə sizə səs verəcəklər”, – o bildirib.

Sabir Rüstəmxanlı çıxışında Neftçalanın ziyalı mühiti, zəhmətkeş insanlarından danışıb, bu rayonla bağlı ciddi işlər görəcəyini bildirib.

Daha sonra deputatlığa namizəd zavodun işilə maraqlanıb.

Qeyd edək k, Neftçaladakı yod zavodu istehsal gücünə görə MDB ölkələri arasında birinci, dünyada isə üçüncü bu tipli zavoddur.

Yodlu-bromlu su Azərbaycanda yalnız Neftçala rayonunun ərazisində çıxarılır. 240 işçinin çalışdığı zavodda 2 əsas və 3 köməkçi müəssisə mövcuddur. İldə zavodda 350 ton yod istehsal olunur. 26 min kubmetr yodlu-bromlu sudan isə 1 ton yod alınır.

 

Share: