Abşeron-Xızı Regional Təhsil İdarəsindən sabiq məktəb direktoru Esmira İbrahimova ilə bağlı açıqlama verilib.
İdarədən Modern.az-a verilən məlumatda bildirilib ki, Sosial şəbəkələrdə səs yazısı yayılmış İbrahimova Esmira Famil qızının məktəb direktoru vəzifəsindən azad edilərək, Abşeron-Xızı Regional Təhsil İdarəsinə metodist vəzifəsinə təyin edilməsi haqqında deyilənlər həqiqəti əks etdirmir.
“Adıçəkilən şəxs 2012-ci ildən keçmiş Sumqayıt şəhər Təhsil Şöbəsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodist vəzifəsində çalışır. Həmçinin Esmira İbrahimova bir neçə il öncə vakant olan Sumqayıt şəhəri H. Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivində yerləşən 32 nömrəli tam orta məktəbə Sumqayıt şəhər təhsil şöbəsi tərəfindən müvəqqəti direktor əvəzi vəzifəsinə təyin edilib. Bu müddət ərzində həmin məktəbin direktor vəzifəsi müntəzəm olaraq direktorların işə qəbulu müsabiqəsinə vakant yer kimi elan edilmiş, lakin vəzifə tutulmadığından Esmira İbrahimova direktor səlahiyyətlərinin müvəqqəti icrasını davam eDİB.
Cari ilin sentyabr ayında məlum səs yazısı aşkara çıxdıqdan sonra Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılmış və 19.09.2022-ci il tarixli K-239 nömrəli əmrlə direktor vəzifəsinin həvaləsi Esmira İbrahimovadan götürülmüşdür. Eləcə də məsələ ilə əlaqədar şəhər Prokurorluğunda araşdırma başlanılmışdır. Araşdırmanın nəticəsinə əsasən, Esmira İbrahimova barəsində müvafiq tədbir görüləcək.
Təəssüflə bildiririk ki, bəzi media qurumları məsələnin mahiyyətinə varmadan həqiqi olmayan məlumatı yaymaqla doğru xəbər prinsipinə əməl etmirlər”, – məlumatda qeyd olunub.
11:10 ***
Müəllimlərdən rüşvət tələb etdiyi üçün vəzifəsindən azad edilən, Sumqayıt şəhər 32 saylı orta məktəbin sabiq direktoru başqa vəzifədə çalışır.
Modern.az Trend-ə istinadən xəbər verir ki, sabiq direktor Esmira İbrahimova Sumqayıt şəhər üzrə təhsil şöbəsində metodist vəzifəsində işləyir.
Xatırladaq ki, bir müddət əvvəl Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru İbrahimova Esmira Famil qızı müəllimlər üçün yaratdığı “Watsapp” qrupuna və ayrı-ayrı müəllimlərə səs ataraq hər müəllimdən 50 manat tələb etmişdi. Orta məktəbin təmiri bəhanəsi pul tələb edən direktor səs yazısında həmçinin müəllimləri əmək haqlarından da pul tutulacağı ilə də hədələmişdi.Səs yazısı yayılandan sonra məsələ ilə bağlı araşdırmalar aparılmış və direktor vəzifəsindən azad edilmişdi.
Həmçinin faktla bağlı Baş Prokurorluqda da araşdırma başlanmışdı.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən (AXRTİ) bildirilib ki, Esmira İbrahimova 8 may 2012-ci ildən Sumqayıt şəhər Təhsil Şöbəsində metodist vəzifəsində çalışır. Məktəb direktorluğu fəaliyyətində və işində yol verdiyi nöqsanlara və xətalara görə tutduğu vəzifədən azad edilmişdir. Hazırda AXRTİ-də metodist vəzifəsində çalışmaqdadır.