Son günlər Bakıda xarici dövlət nömrə nişanı ilə sərnişindaşıma xidməti göstərən avtomobillərə rast gəlirik…
Buna səbəb son illlər avtomobillərin gömrük rüsumunun və aksiz vergisinin artırılmasıdır. Nəticədə avtomobillər sürətlə bahalaşır, yaxud da avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi aparılmır.
“Altay” Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bizimyol.info-ya bildirib ki, astronomik rüsumlar ölkədə sosial-iqtisadi problemlər yaradır: “Ölkəyə gətirilən avtomobillərlə bağlı monopolist maraqlara uyğun məhdudiyyətlər tətbiq edilib.
Misal üçün, bəzi ölkələrin istehsalı olan maşınların 2006-cı ildən, bəzi ölkələrinkini isə hətta 2011-ci ildən əvvəlin istehsalı olanının ölkəyə gətirilməsinə imkan verilmir. Bu, əlbəttə, ölkədə təzə maşın satışı ilə məşğul olan qüvvələrin bazarının artmasına hesablanıb. Vətəndaşlar, misal üçün, 2005-ci ilin təptəzə qalmış, bütün standartlara cavab verən, yüksək keyfiyyətli maşınlarını gətirə bilməz. Salondan təzə maşın almaq isə əksər insanlar üçün əlçatmazdır.
Beləliklə, ölkədə işlənmiş maşınlara tələbat artır, lakin idxal olmadığından bu tələb ödənilmir və bahalaşma yaranır. Nəticədə, məsələn, vətəndaş özünün 85-ci il istehsalı olan artıq istismar müddətini başa vurmuş maşınını bir az təzələmək üçün 2005-ci ilin maşınına dəyişə bilmir və ölkə köhnə maşın qəbiristanlığına dönür. Burada belə bir bəhanə irəli sürmək ki, guya maşın parkını təzələmək məqsədi güdürlər, bu, çox gülünc və qeyri-adekvat cavabdır. Fakt odur ki, bu, tam əksinə effekt verir. Arada dövlət də zərər çəkir, maşını 10 min əvəzinə 20 minə almalı olan vətəndaş da. Qazanan isə yalnız təzə maşın ticarəti ilə məşğul olan bəzi “müəllimlərdir”. Təsəvvür edin ki, böyük əziyyət çəkib maşın istehsal edən avtomobil firması o maşından 5 min dollar qazansın, bizim gömrük onu sadəcə 1 km bu tərəfə buraxmaq üçün 10-15 min qazansın. Belə bir rüsvayçı vəziyyət dünya tarixində görünməmişdir. Belə hallar ölkəmizin nüfuzuna ağır zərbələr vurur.
Bütün bunlardan əlavə, idxalına icazə verilən maşınların da gömrük rüsumları o dərəcədə dəhşətlidir ki, bunu hətta Ginnesin Rekordlar kitabına rahatca daxil eləmək olar. Gömrük rüsumu avtomobilin öz dəyərindən yüksək olur, bəzi hallarda hətta bir neçə dəfə. Sizə verdiyim fotonümunədəki (bu rəsmi gömrük kalkulyatorudur) dəhşəti dünyada heç bir yerdə görə bilməzsiniz. Qonşu ölkədən 15 min dollar qiyməti olan işlənmiş maşın alıb gətirmək istəyən vətəndaş 120 min manata (!) yaxın rüsum ödəməlidir. Yaxud digər nümunəyə baxaq- Gürcüstandan 120 min dollar dəyərində işlənmiş avtobus alıb gətirmək istəyən vətəndaş sizcə maksimum nə qədər gömrük rüsumları ödəməlidir? Heç ağlınıza da gəlməz. Düz 707 min manat! Bu rüsvayçılıq ölkəmizi bütün dünyada biabır edir. Bu hallara son qoyulmalı, rüsumlar dəfələrlə azaldılmaılı, avtomobilin gömrük rəsmiləşdirilməsində maşının istehsal ilinə yox, texniki vəziyyətinə baxılmalıdır”.
E.Bayramlının sözlərinə görə, dəfələrlə bəyan edib ki, ölkədə sosial-iqtisadi vəziyyəti yüksəltmək yolunda əsas maneə gömrükdür: “Dövlət Gömrük Komitəsi ləğv edilməli, Vergilər Nazirliyinin tərkibində bir idarə kişi işləməli və gömrük rüsumları dəfələrlə endirilməli və süni maneələrə son qoyulmalıdır. Çünki sahibkarlar öz məhsullarını xaricə aparmaq üçün çətinlik çəkirlər, ölkəyə gətirilən mallar astronomik gömrük rüsumları nəticəsində dəyərindən 4-5 dəfə baha satılmalı olur. Bundan başqa, bir çox malların gətirilməsinə monopolist maneələr törədilir, istehsal avadanlıqları gətirib ölkədə istehsal müəssisəsi açmaq istəyən sahibkarlar bu işdən vaz keçir və investisiyalarını xarici ölkərə qoyurlar. Son illərdə qonşu ölkələrə qoyulan sərmayələrin həcminə baxmaq kifayətdir. Bu investisya ölkəmizə qoyulsaydı iqtisadi inkişaf azı 2 dəfə artardı. Parlament boş-boş müzakirələr aparmaqdansa, belə ciddi məsələləri müzakirə edib müvafiq qanunları və rüsumları dəyişsinlər”.