“Özünü müsəlman adlandıran bir qrup şəxsin Azərbaycanın Londondakı səfirliyinə hücum etməsi birmənalı olaraq vandalizm aktıdır. Bu cür davranışların İslamla, uca dinimizlə heç bir əlaqəsi yoxdur, ola da bilməz”.
Modern.az xəbər verir ki, bu sözləri Məşədi Dadaş məscidinin imamı, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bir qrup radikal dini dəstənin Londondakı səfirliyimizə hücumunu şərh edərkən deyib.
Hacı Şahin bildirib ki, səfirliyə hücum marginal qrupun törətdiyi təxribatdır:
“Bu kimi hərəkətlərlə Azərbaycanın müsbət imicinə zərbə vurmaq məqsədi daşıyırlar. Bu qruplaşma özünə bir çox müsəlman ölkəsində tərəfdar toplamağa çalışıb, amma öz niyyətinə çata bilməyib. Azərbaycanda da bu kimi radikal qrupların olmaması belə insanları qəzəbləndirir. Bu qruplar bir sıra ölkələrin xüsusi xidmət orqanlarına tabe olub onların göstərişləri ilə hərəkət edirlər. Öz çirkin niyyətlərini din adıyla pərdələməyə çalışırlar. Bunların məqsədi müsəlmanlar arasında birliyə zərbə vurmaqdır. Bu qrupları heç bir məzhəbə aid etmək olmaz. Azərbaycan bayrağının dini şüarlarla təhqir edilməsinin təbii ki, İslamla heç bir əlaqəsi ola bilməz. Bu cür davranışlar əvvəlcədən iflasa məhkumdur. Bu cür davranışları birmənalı şəkildə qınayırıq. Özünü müsəlman sayan insalar bu davranışlara heç bir bəraət verə bilməz”.
Qeyd edək ki, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb.
Hadisə ilə əlaqədar 8 nəfər London polisi tərəfindən saxlanılıb.