Şəhid gizir Seyfəddin Mahmud oğlu Muradov Ağstafa rayon Böyük Kəsik kənd qəbiristanlığında dəfn olunub.
“Report”un Qərb bürosunun məlumatına görə, izdiham yaşanan dəfn mərasimində düşmənin genişmiqyaslı təxribatının qarşısının qətiyyətlə alındığı, hərbçilərimizin döyüş meydanında əsl qəhrəmanlıq göstərdiyi və şəhidlərimizin qanının yerdə qalmadığı qeyd olunub.
Şəhidlik zirvəsinə ucalan gizirin şərəfli döyüş yolundan, Vətənə olan sonsuz məhəbbətindən bəhs olunub. Vətən oğlunun məzarı üstünə gül dəstələri düzülüb, önünə əklillər qoyulub.
Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.
Qeyd edək ki, Seyfəddin Muradov sentyabrın 12-si və 13-də düşmən təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalıb.