Şəhid oğlu və qazinin axtarışına texnikalar cəlb edildi

Dünən axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batmaları barədə məlumat daxil olub.

Milletinsesi.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumat alındıqdan dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Havanın qaralması səbəbindən axtarışlar axşam saatlarında müvəqqəti dayandırılıb.

Küləkli hava şəraiti və dənizin dalğalı olması axtarış işlərini çətinləşdirsə də, FHN-in dalğıc-axtarış qrupu bu gün səhər saatlarından etibarən yenidən axtarışlara başlayıb. Eyni zamanda, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin hadisə baş vermiş ərazinin yaxınlığındakı sahil məntəqələrində xidmət aparan şəxsi heyəti də axtarışlar aparır.

Qeyd edək ki, Bizim.media həmin şəxslərin Nicat Allahverdiyev və Sübhan Zöhrabov olduğunu yazıb.

Bildirilib ki, Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində – 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Sübhan Zöhrabov isə Vətən müharibəsi qazisidir.

***

İyulun 28-i axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində dənizdə batdığı bildirlən 2 nəfərin axtarışına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 13 nəfər şəxsi heyəti və 3 ədəd texnikası cəlb olunub.

Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Axtarışlar davam etdirilir.

Share: