ŞƏHİD QANI İLƏ DİRÇƏLƏN ŞUŞA

Füzuli Hava Limanından enəndə gözlərimə inanmırdım. İnanmırdım ki, bu torpaqlara ayaq basıram. Həmkarlarımın bəzilərindən fərqli olaraq, müharibədən sonra ilk dəfəydi ki, Qarabağ torpaqlarına qədəm qoyurdum.
Trapdan endikdən sonra ehtiyatla ayağımı torpağa basdım. Xəyal kimiydi hər şey. “Qarabağa xoş gəlmisiniz” sözünün qarşısında dayananda da hər şey yuxu kimi gəlirdi mənə. Sanki iki fərqli dünyanın arasındaydım. Birinə xəyal kimi baxırdım, birinə də həqiqət kimi. Bəli, bura Qarabağdır. 30 il həsrətini çəkdiyimiz Qarabağ. Neçə-neçə mərd oğulun canı, qanı bahasına düşməndən azad edilmiş Qarabağ.
Əslində, Qarabağ torpaqlarını uzaqdan da olsa görmüşdüm. Hərbi xidmətim Ağdamın Yusifcanlı kəndində keçmişdi. Düşmənlə burun-buruna dayandığımız həmin kəndin, ondan bir xeyli uzaqlıqda boynubükük və viran qalmış Ağdamın xarabalıqlarını düz bir il seyr etmişəm. Həmin vaxt o viranənin, vəhşi qəbilənin Xirosimaya çevirdiyi Ağdamı görəndə ürəyim ağrıyırdı. Bunun insan işi olmadığını düşünürdüm. Oralara bələd olan hərbçilərdən “Bəs, Şuşa, Xocalı hansı tərəfdədir” deyə sual edərdik. Cavabında da deyərdilər ki, “dağların arxasında”. O dağlar ki, ucalıqları ilə adamı təəccübləndirərdilər. Başları buluda dəyəcək qədər…

Bir qədər sonra xəyal düşüncələrim gerçəkliklə əvəz olundu. Qədəmimi basdığım torpağın istisindən, ya da doğmalığından ayılmağa başlayırdım. Hər şeyin real olduğunu görürdüm. Şuşaya doğru avtobuslarla hərəkətə başladıqda isə tam əmin oldum ki, xəyal deyil, gerçəyin özündəyəm.
Yol boyu hamı susurdu. Kimisi ürəyində danışır, kimisi acgözlüklə Qarabağaın füsunkar təbiətini seyr edir, kimisi də həsrətin sona çatdığını mənim kimi, anlayaraq, rahat bir nəfəs almaqla yola davam edirdi.

Vaxtıyla, işğaldan öncə Şuşada nəşr olunan “Azad Şuşa” qəzetinin rəhbəri yol boyu bələdçilik edirdi. Hər daşı, hər ağacı tanıyırmış kimi, izah edir, məlumat verirdi.
65 km-lik yolu nə zaman getdik, bilmədik. Sanki biz Füzuliyə deyil, birbaşa Şuşaya gətirilmişdik. Topxana meşəsindən keçərək, dolanbac yollarla Şuşaya yaxınlaşdıqca isə həyəcanım daha da artmağa başlamışdı. Bunun səbəbi nə idi, deyə bilmərəm. Güman ki, Şuşanın müqəddəsliyi, 30 illik həsrəti, ya da İlahi bir hiss. Uca dağların başında nazlanan, “qırmızı koftalı, yaşıl tumanlı”, “dərdindən öldüyümüz” Şuşa boylanmağa başlamışdı. Heç bir detalı gözümdən qaçırmaq istəyirdim. Susuz adamın suya olan təşnəsi kimi. Uzun illər bir-birini görməyən doğmaların görüşü kimi idi əhvalım. Nə edəcəyimi də bilmirdim. Heyrətlə bu əzəmətli şəhərə baxırdım.
Oradakı qayalıqları görəndə, bir də bu qayalıqlardan qalxan oğulların hansı hünər, hansı cəsarət sahibi olduqlarını dərk edəndə daha da heyrətlənirdim. Yəni, insan oğlu bu sıldırım qayaları necə dırmaşa bilib? Nə qədər hazırlıqlı olmalısan ki, bu qədər enerji sərf edib, dağın başındakı şəhəri işğaldan azad etmək üçün o dar cığırları, sıldırım qayaları keçəsən? Sən Şuşaya olan sevgiyə bax ki, o qayalıqları dırmaşaraq, şəhəri düşməndən azad edib. Ən vacibi, Azərbaycan əsgəri ən qiymətli şey olan canını belə əsirgəməyib. Heyrət ediləsi hadisədir. Qəhrəmanlıq dastanıdır. Tarixə qızıl hərflərlə yazılacaq olaydır.

Nəhayət, Şuşadayıq. Mədəniyyət beşiyimiz və qəhrəmanlar şəhərində. Başı buludlara dəyən və cəsarətin simvolu olan şəhərdə.
Addımlarımı aramla atıram. Sanki tənginəfəs olmuşdum. Halbuki udduğum hər udumdakı hava ciyərlərimdə hiss edirdim. Sanki hansısa daşı, otu, bitkini incidəcəm deyə, addımlarımı ehtiyatla atırdım. Öz-özümə deyirdim ki, bu şəhər üçün savaşmağa, döyüşməyə, ölməyə dəyər. O qədər əzəmətlidir.
Hər yerdə texnikalar, insanlar işləyir. Şəhəri yenidən qururlar. Dayanmadan işlər gedir. Şəhər dirilir sanki. Amma bu diriliş tikintiyə görə deyil. Şuşa ona görə, cana gəlirdi ki, əsarətdən xilas olub. Şuşa ona görə dirilirdi ki, hər qarışında Şəhidlərimizin qanı var. O qan ki, Şuşa torpaqlarını suvarmaqla, onun canına can qatıb, onu özünə qaytarıb. O Şəhidlər ki, heç nəyi, ən şirin canlarını belə bu yolda fəda edib. O Şəhidlər ki, düşmənin üzərinə elə Şuşa boyda hücum etmişdilər. O Şəhidlər ki, sevgiləri, nisgilləri, həsrətləri, gülüşlərini özləri ilə apardılar. O Şəhidlər ki, əzizlərini, atalarını, analarını, doğmalarını bizlərə əmanət qoydular. O Şəhidlər ki, Şuşanın hər qarışı üçün canlarını ortaya qoydular. Şuşanı dirildən, özünə gətirən, onu əzəmətli edən, onu müqəddəsləşdirən də məhz Şəhidlərdir.
Şuşa elə də böyük deyil. Dağın başında inşa edilmiş qala-şəhərdir. Amma çox əzəmətli və füsunkardır. O qədər əzəmətli ki, oradan baxdıqda dünya ayaqlarının altında qalır. O qədər füsunkar ki, baxdıqca valeh olmamaq olmur.
Bəli, Şuşadayıq. Bir azdan tədbir başlayacaq. Orada iştirak edib, müzakirələrə qatılacaqdıq. Həm də vaxt tapan kimi Şuşadakı günümüzü əbədiləşdirəcəkdik. Cıdır düzündə, İsa bulağında…

Dövlətin media siyasətini həyata keçirən şəxslərlə bağlı düşüncələrimi bölüşmədən öncə vurğulayım ki, bəndəniz indiyə qədər media ilə bağlı heç bir dövlət tədbirinə qatılmamışdı. Şuşaya səfər dəvəti gələndə də çox sevinmişdim. Belə bir fürsəti dəyərləndirməmək mümkün deyildi.
Hələ təyyarədə olarkən Prezidentin köməkçisi Hikmət Hacıyevin təqdimatsız, “siz”lə, “biz”lə danışmasından təəccüblənmişdim. Təəccübüm də səbəbsiz deyildi. Çünki 2017-ci ildə bir hadisəylə qarşılaşmışdım. Milli Mətbuat Günündə ənənəvi olaraq 5-6 adam birbaşa sədarət kürsüsünə qalxaraq oturdular. Ardınca pafoslu çıxışlar edərək, özlərindən müştəbeh şəkildə sözlər deyərək, sanki ölkənin sahibləriymiş kimi davranmaları adamda ikrah doğururdu. Həmin vaxt yanımdakı həmkarıma sual verdim ki, görəsən, ölməzdən öncə bu sədarətin dəyişəcəyini görəcəyikmi? Həmkarım cavab verə bilməmişdi.

İndi təsəvvür edin ki, təyyarədə bizi salamlayan Hikmət Hacıyev “hazırda mediaya məsul şəxs, sizin dostunuz və həmkarınız Hikmət Hacıyev” deyə, özünü təqdim edir. Fərqin nə qədər olduğunu görməmək də mümkün deyil. Hətta bəzilərimizə qəribə gəldi ki, Hikmət müəllim niyə öz titullarını sadalamadı. Axı uzun illər belə görmüşdük, belə eşitmişdik. İndi isə tam əksini, səmimi bir ortama şahid olurduq. Dəyişmişdi hər şey. Bizi təəccübləndirəcək qədər dəyişmişdi.
Tədbirin təşkilatçısı Medianın İnkişafı Agentliyi idi. Hələ səfərdən öncə qurumun rəsmiləri ilə görüşlərim olmuşdu. Söhbət əsnasında aydın olmuşdu ki, qurumun başında dayananların əsas məqsədi medianı bir araya gətirmək, onun əvvəlki gücünü özünə qaytarmaq, peşəkarlığı artırmaq, təsadüfi adamlardan xilas olmaq, narazılıqları araşdırıb aradan qaldırmaq, bir sözlə problemləri həll etməkdir. İnsafən demək lazımdır ki, qısa müddətdə müəyyən irəliləyişlər əldə olunub. Hərçənd mən də bir çox həmkarlarım kimi, Medianın İnkişafı Agentliyini tənqid etmişdim və haqsız da deyildim. Lakin zaman içində hər şeyin qaydasına düşdüyünü, problemlərin həlli üçün ciddi şəkildə adımların atıldığını gördükcə, qurumun çalışdığına əmin oldum. İnanıram ki, bundan sonra da belə davam edəcəklər.

*
Şuşadan ayrılırıq. Böyük və məzmunlu tədbirlər başa çatdı. Yorğunuq. Lakin heç bir yorğunluq Şuşadan ayrılmağın enerjisi ilə müqayisə oluna bilməz. Sanki öz doğmanı qoyub başqa bir yerə gedirsən. Bu həsrətdir. Uzun illərin həsrəti. Qovuşanda da, ayrılanda da yaşadığımız həsrət.

Əlişir Əhəd

Share: