Şəhid varislərinə ödənən ümumi məbləğ açıqlandı

Vətən müharibəsi başlayan andan şəhid olmuş hərbi qulluqçuların vərəsələrinə və xəsarət almış hərbi qulluqçulara 2020-ci ilin sonunadək 6 110 şəxsə 22.3 mln. manat sığorta ödənişi verilib.

Azərbaycan Mərkəzi Bankdan Milletinsesi.az-a verilən məlumata görə, onlardan 1 347 nəfər şəhidin vərəsələri, 4 763 nəfər xəsarət alanlardır.

Qanuna müvafiq olaraq şəhid olmuş hərbçilərin vərəsələrinə 11 000 manat, I qrup əlillərə 8 800 manat, II qrup əlillərə 6 600 manat, III qrup əlillərə 4 400 manat, ağır və yüngül xəsarət alanlara müvafiq olaraq 2 750 manat və 550 manat məbləğində sığorta ödənişi verilir.

Müvafiq sığorta ödənişlərinin operativliyinin təmin olunması məqsədilə Mərkəzi Bankda işçi qrup yaradılıb. İşçi qrup hərbi qulluqçulara və onların vərəsələrinə Qanunla müəyyən edilmiş təsdiqedici sənədlərin sürətli qaydada təqdim olunması üçün müvafiq dövlət qurumları – Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir.

Share: