Sənədsiz evlər niyə qeydə alınmır?

Ombudsman Səbinə xanım Əliyevanın hesabatını diqqətlə oxudum. Mənə ən maraqlı və vacib gələn təklif və tövsiyyələr hissəsidir. Bəzi məsələlər var ki, neçə illərdir təklif və tövsiyyələr hissəsində təkrarlanır. Amma məlumat verilmir ki, niyə hər kəsi narahat edən bu məsələlər öz həllini tapmır?

Millətin Səsi.az  xəbər verir ki, bu sözləri millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva deyib.

“Bu çox vacib bir məsələdir. Məsələn, mən bilirəm ki, cənab Prezidentin də Bakı şəhəri və ətraf qəsəbələrdə müxtəlif zamanlarda tikilən sənədsiz evlərin inventarlaşdırılması və qeydiyyatının aparılması ilə bağlı ciddi tapşırıqları olmuşdu. Bu, həm vətəndaşlarımızın hüququ baxımından, həm də dövlətimizlə bağlı çox ciddi addımdır. Həm vətəndaşımız, həm dövlətimiz qazanar. Problem nədir ki, məsələyə uzun zamandır baxılır, amma həllini tapmır?

İkinci məsələ odur ki, bir kəndin sakinlərinə fərq qoyula bilməz. Bir kənddə sovet dövründə ev tikmiş vətəndaşlar dövlət hesabına yanacaqla təmin olunur, amma yeni yaşayış massivində ev tikilirsə, öz hesabına qaz çəkməlidir. Bu evlərin sahiblərinin böyük qismi də gənc ailələrdir. Onlar bildirir ki, eyni kəndin sakinləri olaraq biz də bu xidmətdən yararlanmaq istəyirik. Mən də çox xahiş edirəm, millət vəkili olduğum Tovuz rayonunda da bu məsələ öz həllini tapsın”.

Share: