Yardımlı rayonunun Deman kəndində gömrük məntəqəsinin açılacağı barədə xəbəri eşidib, çox sevindik. Əlbəttə ki, buna görə ölkə rəhbəri başda olmaqla zəhmət çəkən hər kəsə minnətdarıq. Yaxşı bilirik ki, bu məntəqənin açılması rayon əhalisinin həyat səviyyəsinə müsbət təsir göstərəcək. Di gəl ki, müəyyən problemlər var. Tutaq ki, gömrük məntəqəsi açılıb. Rayona ardı-arası kəsilmədən insanlar axışıb gəlir. Onlar görəndə ki, rayon mərkəzində yollar bərbad haldadır, yolboyu Viləş çayının hövzəsi məişət tullantıları ilə doludur, görəsən bu rayon haqqında ilk təəssüratları necə olacaq? Lap elə qonaqlardan biri təbii təlabatını ödəmək üçün ictimai ayaqyolu axtarmalı olsa, görəsən normal halda olanını tapa biləcəkmi? Vay o günə ki, bu qonaqların arasında qadınlar da olsun. Onda işlər lap şuluq olacaq, qadınlar üçün rayon mərkəzində bir dənə də olsun ayaqyolu yoxdur. Dövlət Yardımlı rayonunun abadlıq işləri üçün büdcədən kifayyət qədər vəsait ayırır. Maraqlıdır, əgər abadlıq işləri görülmürsə, bu vəsait hara gedir, kimlər mənimsəyir?..
Yardımlı rayonunun əhalisi 68 mindən bir qədər çoxdur. Rayonun Yardımlı şəhəri ilə birlikdə 88 inzibati ərazi vahidi var. Onların cəmi 12-sinə mavi qaz xətti çəkilib. Daha dəqiqi, rayon ərazisində 8500-dən yuxarı ev mövcuddur və bu evlərin cəmi 2700-ü məişət qazıyla təmin olunub. Bu da o deməkdir ki, meşələr qırıldıqca rayonun flora və faunasına divan tutulur…
Kəndçilər min bir əzabla ərsəyə gətirdikləri məhsulu, yetişdirdikləri mal-qaranı, toyuq-cücəni satıb dolanışıq üçün pul qazanmağa yer tapa bilmirlər. Rayon ərazisində bazara böyük ehtiyac var…
Sevindirici haldır ki, ölkə rəhbərinin göstərişi ilə rayonda idman kompleksi tikilir. Amma bu kompleksə üzgüçülük hovuzu daxil edilməyib. Əvəzində hotel üçün nəzərdə tutulan hissəsində otaqların sayı layihədə göstəriləndən artıq tikilib. Nəzərə alanda ki, üzgüçülüklə məşğul olmaq istəyən gənclərin sayı çoxdur, fəqət rayonda bir dənə də olsun üzgüçülük üçün nəzərdə tutulan hovuz tikilməyib…
Yollar bərbad haldadır. Rayon mərkəzindəki küçələrlə normal hərəkət etmək qeyri mümkündür. Əksəriyyətində asfalt örtüyü yoxdur, sanki burada insanlar yaşamır. Yollar elə bir vəziyyətdədir ki, elə bil hava hücumu zamanı bombardıman olunub…
İşıqlandırma heç kimi maraqlandırmır. Küçələr zülmət qaranlığa bürünüb. İşıq dirəkləri az qalır ki, yerə sərilsin. Külək gücləndisə bir sıra kəndlər elektrik enerjisinə, internetə həsrət qalır…
Rayonumuz elə də böyük rayon deyil. Çinlilərin sözü olmasın, hamı bir-birinə qohumdur və bizim heç kimlə düşmənçiliyimiz yoxdur. İstəyirik ki, rayonumuz abad olsun, insanlar rahat yaşasın. Gələn qonaqların yanında utanmayaq. Sosial problemlər üzündən gənclər rayonu tərk edir. Belə getsə bir neçə ildən sonra rayonda yaşlılardan başqa heç kim qalmayacaq…
Yəqin ki, Yardımlı əhalisini narahat edən bu problemlərin sorağı aidiyyatı dövlət qurumlarına gedib çatacaq və inanırıq ki, Yardımlını bu günə salanlardan hesabat istəniləcək.
Ya Allah!..
Elman Eldaroğlu