Sərəncam Azərbaycanı MDB-də II yerə qaldırdı

Prezident İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2019-cu il iyunun 18-də imzaladığı Sərəncam respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması sahəsində 2019-cu ilin ilk aylarından atılan inqilabi addımların davamıdır. Sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Onlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Həmin artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq.

Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.

Yeni “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edir və bu istiqamətdə cari il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir. Belə ki, bundan əvvəl dövlət başçısının bu il fevralın 8-də imzaladığı Sərəncamla da minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmış və həmin artım 600 minədək insanı əhatə etmişdi. Dövlət başçısının uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması kimi əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verib.

Artımdan sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə ikinci yerdə qərarlaşacaq.

 

Share: