
“Kramatorsk hazırda uğrunda şiddətli döyüşlər gedən Baxmutdan qərbə doğru 20 km aralıda yerləşir…”
Rusiya Ukraynanın iri şəhərlərindən birinin mərkəzinə raket zərbəsi endirib, qurbanlar var, dağıntılar altında qışqırıq səsləri eşidilir…
Bu gün səhər Rusiya qoşunları Kramatorsk şəhərinin mərkəzinə raket zərbəsi endirib.
Moderator.az xəbər verir ki, bu barədə Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko özünün “Telegram-kanal”ında məlumat verib. Məlumatı “obozrevatel.com” nəşri yayıb.
İlkin məlumatlara görə, bir nəfər həlak olub, ən azı 7 nəfər yaralanıb.
Şahidlər dağıntılar altında insanların olduğu və onların qışqırıq səslərinin eşidildiyi barədə məlumat verib.
Hazırda atəş yerində hüquq-mühafizə orqanları və xilasedicilər iş başındadır.
Operativ məlumata görə, atəş zamanı altı çoxmərtəbəli bina, uşaq bağçası və bir bank zədələnib.
Binaların birinin girişində divarlar, habelə pəncərə və eyvanlar dağılıb, bunu Ukraynanın Baş prokuroru məlumat verib.
Güman edilir ki, rusiyalılar C-300 raketi ilə zərbə endirib.
Ukrayna prezidenti Vladimir Zelenski baş verənləri şərh edib.
“Şər dövləti dinc əhali ilə döyüşməkdə davam edir, həyatı məhv edərək insanlığa aid nə varsa, qənim kəsilib.
Günahsız insanların həyatına son qoyan hər bir zərbə qətlə görə qanuni və ədalətli hökmün çıxarılması ilə bitməlidir. Bu, mütləq baş verəcək”, Zelenski vurğulayıb.
Kramatorsk Donetsk vilayətinin Ukraynanın nəzarətində olan ən böyük şəhəridir.
O, dəfələrlə raket zərbələrinə məruz qalıb. Şəhər uğrunda şiddətli döyüşlər gedən Baxmutdan qərbə 20 km məsafədə yerləşir.