
Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata əl atıb. Düşmənin Kəlbəcəri atəşə tutuması nəticəsində 3 hərbçimiz yaralanıb. Ermənistan silahlı qüvvələri mövqelərimizi müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutub.
Təxribata cəhd edən erməni hərbçilərdən 4-ü zərərsizləşdirilib, biri isə yaralanıb. Müdafiə Nazirliyi bildirib ki, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir.
Ermənilərin yeni təxribatı nəyə hesablanıb?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Musa Quliyev vurğulayıb ki, Ermənistanın Kəlbəcər istiqamətində atəşkəsi pozması onların hələ də 44 günlük müharibədən dərs çıxarmadığını göstərir:
“Belə bir deyim var ki, “keçinin buynuzu gicişəndə gəlib çobanın çomağına sürtüşür”. Ermənilər 44 günlük Vətən müharibəsindən sonra gərək ciddi dərs alaydılar. Başa düşəydilər ki, Azərbayvanla oyun oynamaq odla oynamaq kimidir. 44 günlük Vətən müharibəsi bitdikdən sonra Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanat imzaladı. Onlar gərək üçtərəfli bəyanatın müddəalarına əməl edəydilər. Ermənilərin bütün bu təxrtibatları, siyasi, hərbi və diplomatik cəhdləri üçtərəfli bəyanatda təsbit olunan öhdəliklərindən boyun qaçırmağa hesablanıb. Azərbaycan bütün dünyanın qəbul etdiyi norma və şərtlər daxilində 5 maddədən ibarət sülhyaratma və münaqişəni nizamalama konsepsiyasını irəli sürdü. Burada əsas məqsəd Ermənistanla Azərbaycan arasındakı məsələləri sülh yolu ilə həll etmə və konstruktiv davranmaqdır. Sərhədləri qarşılıqlı tanımaq, diplomatik münasibətəri qurmaq və ən əsası kommunikasiyaları açmaq, eyni zamanda Qarabağdakı qeyri-qanuni silahlı quldurların ərazini tərk etməsi kimi məsələlər irəli sürülüb. Ermənistan bunların heç birini etməyib”.
M.Quliyev söyləyib ki, Azərbaycanı Ermənistana qarşı aqressiyada günahlandırmaq, ittiham etmək üçün bəhanə gəzirlər:
“12-13 sentyabr günlərində Azərbaycan onların çox ciddi dərsini vermiş oldu. Görünür, növbəti dəfə belə təxribatlara əl atırlar. Ermənistanın başqa yolu qalmayıb. Digər tərəfdən onların Qarabağdakı ermənilərin “humanitar fəlakət”lə üzləşməsi, aclıq çəkmələri barədə şouları da artıq dünyada biabırcasına ifşa olundu. Buradan da onlar nəticə əldə edə bilmədilər. Bundan öncə Avropadakı bəzi dırnaqarası deputatları, siyasətçiləri, bələdiyyə işçilərini sərhədə gətirmişdilər. Bundan da bir nəticə çıxmadı. Daha sonra Fransanın böyük bacı kimi canıyananlıq siyasəti, İranın Zəngəzurla bağlı siyasəti də nəticə vermədi. Ermənistan indi çıxılmaz vəziyyətdə qalıb. Üçtərəfli bəyanatda göstərilən öhdəliklərindən boyun qaçıra bilmək üçün Azərbaycana nə desinlər bilmirlər. Məqsəd bundan ibarətdir. Azərbaycan onların “humanitar böhran” şousunun qarşısını almaq məqsədilə həm BMT səviyyəsində yüksək diplomatik fəallıq göstərdi, həm də Azərbaycan Qırmızı Aypara Cəmiyyəti vasitəsi ilə yardım təklif etdi. Bunlar indi çıxılmaz vəziyyətdədirlər. Azərbaycan xarici siyasətinin başçıları səviyyəsində də bildirildi ki, Ağdam-Xankəndi yolunun açılmasından sonra Laçın yolu ilə gəliş-gediş təmin olunacaq. Əslində, o yolu biz bağlamamışıq. Laçın postunu atəş altında saxladılar. Təxribatların nəticəsində o yol bağlandı. Ermənistanın bugünkü təxribatının məqsədi dünya ictimaiyyətinin diqqətini bura çəkməkdir. Azərbaycanı Ermənistana qarşı aqressiyada günahlandırmaq, ittiham etmək üçün bəhanə gəzirlər”.
Deputat vurğulayıb ki, Azərbaycan Ordusu bir gün içərisində İrəvana daxil ola bilər:
“Ermənilər də bunu yaxşı bilirlər. Ordumuz onların təxribatlarının qarşısını ala bilir. Erməni tərəfinin cavabı lazımi şəkildə verilir. Ermənilərin boş başları ağıllanmayacaq. Sadəcə onların özlərinə gəlməsi üçün daha ciddi yumruğa ehtiyacı var. Dəmir Yumruq yerindədir. Bunu hər kəs bilməlidir. Ermənistan da, onu himayə edən böyük bacıları da bunu bilməlidir”.
Milli Məclisin deputatı Arzu Nağıyev isə deyib ki, Ermənistan bu təxribatla növbəti dəfə Azərbaycanı dünyanın gözündə pis göstərməyə çalışır:
“Son zamanlar “humanitar yardım” şousu və digər siyasi addımlarla bərabər ermənilər ciddi cəhdlə müxtəlif istiqamətlərdə, əsasən də Kəlbəcər istiqamətində qoşun və hərbi birləşmələrin cəmləşdirilməsini davam etdirir. Bu gün səhər saatlarında təxribata əl atdılar və PUA-lardan istifadə etdilər. Layiqli cavablarını da aldılar. Ermənilər bura gələn missiyaya, Fransa şəhərlərinin merlərinə Azərbaycanı atəşkəsi pozan tərəf kimi göstərməyə çalışır. Onlar yaxşı bilirdilər ki, atəşkəsi pozanda Azərbaycan tərəfi cavab verəcək. Özlərinin təxribat əməllərini gizlədib, birmənalı şəkildə Azərbaycanın guya atəşkəsi pozması ilə bağlı məlumatı yayacaqlar. Qondarma rejimin “lideri” istefaya göndərildikdən sonra məlumdur ki, millətçi qüvvələr həm İrəvanda, həm də Xankəndidə daha da baş qaldırıb. Daha da ciddi təxribatlara əl atacaqlar”.
A.Nağıyev qeyd edib ki, Ermənistanın bu təxribatları sülhün bərqərar olmasına mane olmaqdadır:
“Nikol Paşinyan hökuməti nə qədər sülhün bərqərar edilməsi ilə bağlı bəyanatlar versə də, təbii ki, bu ancaq sözdə qalır. Digər qüvvələr bunun əleyhinədir. Azərbaycanda akkreditasiya olunmuş hərbi attaşelərin və digər diplomatların Ağdam-Xankəndi yoluna getməsi və baş verənləri öz gözləri ilə görməsi bir daha sübut edir ki, “humanitar təhlükə” bir oyun və şoudur. Məhz buna görə də, təxribatlar davam edir. Onlar da layiqli cavablarını alacaqlar. Birmənalı şəkildə bütün bu təxribatlar sülhün bərqərar olmasının qarşısını almaq üçündür. Moskvada Rusiya-Türkiyə prezidentlərinin görüşündə Rusiya mövqeyini bildirdi. Bundan sonra ermənilər daha artıq təxribatlar törətməyə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Komitəsinin (KTMT) qoşunlarının, yaxud müşahidəçilərinin sərhədə gətirilməsinin planlarını qurdular.Bunun üçün də hər təxribata əl atırlar”.
Deputat Ermənistana adekvat cavabın veriləcəyini diqqətə çatdırıb:
“Azərbaycan öz daxili və xarici siyasətini sülhün bərqərar olması və hər bir təxribat əməlinə qarşı cavab verilməsi ilə aparacaqdır. Təxribatların da qarşısı alınacaq. Heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmayacaq. Tez -tez müxtəlif kanallar vasitəsilə Rusiyanın mövqeyini verməyə çalışan ermənilər, bununla da,rusların proseslərə qatılmasına çalışırlar. Bunların hamısı gözləniləndir. Cavabları adekvat olaraq veriləcək”.
Milli Məclisin digər bir deputatı Kamran Bayramov isə söyləyib ki, bu təxribatların məqsədi vəziyyəti daha da gərginləşdirməkdir:
“Bu, həm də davam edən sülh danışıqları və vəziyyətin normallaşması prosesini əngəlləməyə yönəlib. Atəşkəsin pozulması Fransanın paytaxtı Parisin merinin regiona gəlməsi, anti-Azərbaycan bəyanatlarla çıxış etməsinin davamıdır. Təbii ki, bu Ermənistanın birbaşa siyasətidir. Burada hədəf belə bəyanat və təxribatla sülhün bərqərar olunmasını uzağa çəkməkdir. Azərbaycan buna dözə bilməz. Azərbaycan artıq Xankəndiyə humanitar yardım göndərib. Orada yaşayan erməni əsilli vətəndaşlarla danışıqlar, onların reinteqrasiyası prosesi başladılıb.Çoxsaylı təkliflər verilsə də, oradakı separatçıların bu yardımı qəbul etməməsi Ermənistan tərəfində sülhə meyil olmadığını göstərir”.
K.Bayramov qeyd edib ki, Azərbaycan humanitar səylərini davam etdirəcək, ancaq onun da səbr kasası nə vaxtsa dolacaq.
“Bütün təxribatlara qarşı daha genişmiqyaslı cavab əməliyyatları keçirilməsi hüququnu Azərbaycan özündə saxlayır. Düşünürəm ki, əgər bu cür təxribatların sayı və coğrafiyası artarsa, Azərbaycan cavab əməliyyatları keçirməli olacaq. Biz bunun bir neçə dəfə şahidi olmuşuq. Heç kim Ermənistanın və onun havadarlarının Azərbaycanın daxili işlərinə qarışacağını düşünməsin. Azərbaycan öz qanunlarına uyğun olaraq sərhəddə təhlükəsizliyin təmin edilməsi tədbirlərini qətiyyətlə görəcək”.