Şərqi Asiyanı Ukraynanın taleyi gözləyir?

“Çin Rusiyanın Ukraynaya hücumunun nəticələrini izləyir və gələcəkdə qərarlar vermək üçün bundan dərs çıxarır”.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq Şərqi Asiya turnesi çərçivəsində Yaponiya səfər edərkən paytaxt Tokioda yerləşən Keio Universitetindəki çıxışı zamanı deyib.

 

“Yaponiya önəmli bir qlobal aktordur və sülhü aktiv şəkildə dəstəkləyir. NATO da elə bunun üçün var. Dünya düzəni təhdid altındadır. Moskva və Pekin avtoritar dalğanın önündə gedir. Dünyada terrorizm, iqlim dəyişikliyi, kiberhücumlar, nüvə silahının yayılması kimi təhlükələr də var”, – deyə o bildirib.

 

Ukraynaya hücumların bir ilinin tamam olduğunu və bunun Avropada sülhü sarsıtdığını vurğulayan Stoltenberq Şimali Koreyanın raket sınaqlarının beynəlxalq təhlükəsizliyi təhdid etdiyini də ifadə edib. 

 

“Çinin Hind-Sakit okean regionunda təsirini artırması narahatlıq yaradır. Əgər Rusiya müharibədə qalib gəlsə, Moskva və Pekinə mesaj ondan ibarət olacaq ki, onlar kobud güclə istədiklərinə nail ola bilərlər. Bu gün Avropada baş verənlər, sabah Şərqi Asiyada da baş verə bilər”, – deyə NATO baş katibi həyəcan təbili çalıb.

 

Alyans rəhbəri müharibənin sadəcə Avropa böhranı olmadığını, qlobal təhlükəsizlik və sabitliyə meydan oxuduğunu da diqqətə çatdırıb.

 

2022-ci ilin iyununda Madriddə keçirilən NATO Sammitində Yaponiya, Avstraliya, Yeni Zelandiya və Cənubi Koreya liderlərinin iştirakını “artan əlaqələrin sübutu” adlandıran Stoltenberq əlavə edib: 

 

“Təhlükəsizliyimiz regional deyil, qlobaldır. aramızda okeanlar olsa da, bizim təhlükəsizliyimiz sıx bağlıdır və eynidir. Biz dəyərləri, maraqları və narahatlıqları bölüşürük”, – NATO baş katibi bəyan edib.

Mənbə

Share: