“Sabah”ın baş məşqçisi Elşad Əhmədov, kapitan Cavid İmamverdiyev, yarımmüdafiəçi Rəşad Eyubov “Dostluq üçün futbol” (Football for friendship) sosial layihəsində iştirak edəcək təmsilçiləri, həmçinin U-12 komandasının heyəti ilə görüşüb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, “Əlincə Arena”dakı görüşdə əvvəlcə 2017 və 2018-ci illərdə keçirilən turnirdən görüntülər və məşhur rusiyalı keçmiş futbolçu Aleksey Smertinin “Dostluq üçün futbol” sosial layihəsinin iştirakçılarına müraciəti yer alan videolar nümayiş etdirilib.
2017-ci ildə keçirilən turniri çempion kimi başa vuran komandanın heyətində yer almış Rəvan Kazımov builki yarış iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra isə baş məşqçi Elşad Əhmədov, kapitan Cavid İmamverdiyev, həmçinin Rəşad Eyubov həm sosial layihənin iştirakçılarına, həm də U-12 komandasının üzvlərinə tövsiyələr veriblər.
Əhmədov azyaşlı futbolçulara müraciətində onlara intizamlı olmağı tövsiyə edib:“Adından da göründüyü kimi bu layihədə əsas olan dostluqdur. Bu səfərləri hazırlayan insanlara çox sağ ol deyirik. Bu, azyaşlı futbolçular üçün vacibdir. Belə səfərlərdə yeni şeylər görüb öyrənirsiz. Lakin sizin işiniz futbol oynamaqla yekunlaşmır. Siz dərslərinizə də ciddi yanaşmalısız. İntizamlı olmalısız. Məşqçiniz Samir müəllim futbolçu olduğu zaman nümunəvi davranışı, intizamı ilə fərqlənirdi. Sizin əsas məqsədiniz gələcəkdə yaxşı, intizamlı futbolçu olmaqdan əlavə, ən əsası, ölkəmizə layiqli övlad kimi yetişmək olmalıdır. Bu gün sizin əyləşdiyiniz bu konfrans zalında bizim əsas komandanın futbolçuları otururlar. Məsələn, qapıçının oturduğu yerdə əsas komandanın qapıçısı Saşa Stamenkoviç əyləşir. Gələcəkdə onları siz əvəz edəcəksiz. Bu gün Cavid İmamverdiyev, Rəşad Eyubovun olduğu yerdə siz olacaqsız. Bu yolda hamınıza uğurlar”.
Kapitan Cavid İmamverdiyev də azyaşlı futbolçulara müraciət edib: “Siz bizim gələcəyimizsiz. Sevinirəm ki, sizə Samir müəllim kimi insan məşqçilik edir. Onunla uzun müddətdi tanışıq. Futbol oynadığı dövrdə də nizam-intizamı ilə diqqət çəkirdi. Düşünürəm ki, baş məşqçi kimi bir az da özünü inkişaf etdirib. Mənim sizə əsas məsləhətim odu ki, futbolçu olmaq yoluna çıxmısızsa, bu yolu sevərək gedin. Futbolçu olmaq istəyirsizsə, buna özününüzü – evdə, məktəbdə, çöldə hər yerdə hazırlamalısız. Futbolçu olmaq təkcə futbolkanı geyinib, meydana çıxıb futbol oynamaqdan ibarət deyil. Bunun üçün meydandan kənarda da çalışmalı, təkcə məşqlərdə yox, məktəbdə, evdə də nümunəvi davranışınızla seçilməlisiz”.
Daha sonra isə yarımmüdafiəçi Rəşad Eyubov öz tövsiyələrini azyaşlı futbolçulara çatdırıb: “İlk növbədə gələcək karyeranızda, qarşıdakı oyunlarınızda hər birinizə uğurlar arzulayıram. Bilməlisiz ki, yaxşı futbolçu olmaq üçün yalnız məşqlərə ciddi yanaşmaq kifayət deyil. Futbolla yaşamalısız. Bundan əlavə, məşqçilərinizin, valideynlərinizin sözlərinə əməl etməlisiz. Hər birinizə bir daha uğurlar”.
U-12 komandasının baş məşqçisi Samir Əbdürəhmanov sonda baş məşqçiyə və futboçulara dəstəyə görə təşəkkür edib:
“Başda Elşad müəllim olmaqla, hər birinizə təşəkkür edirəm. Bu gün sizin bura gəlməyiniz bizim üçün böyük motivasiyadır. Biz də “Sabah”ın hər oyununda tribunadan dəstək oluruq, bundan sonra da olacağıq. Bizim uşaqların əsas məqsədi gələcəkdə əsas komandada oynamaqdır. Bu gün “Sabah”a tribunadan dəstək verən bu uşaqlar bəlkə də, bir neçə il sonra yaşıl meydanda komandanın uğurları üçün çalışacaqlar.
Mayın 2-də Xorvatiyada keçiriləcək turnirdə iştirak edəcəyik. Çalışacağıq ki, bu beynəlxalq turnirdə “Sabah”ı layiqincə təmsil edək. Sizinlə görüş bu turniröncəsi bizə yaxşı motivasiya olacaq. Bir daha hər birinizə təşəkkür edirik”.
Daha sonra “Dostluq üçün futbol”un iştirakçıları sosial layihənin simvollarından olan qolbağı Elşad Əhmədov, Cavid İmamverdiyev və Rəşad Eyubovun qoluna bağlayıblar.