“Qurultay müharibədə məğlub olandan və Putindən sonra Rusiyanın konturlarını müəyyən edəcək…”
“Qurultayın qlobal məqsədi Rusiyanın mühacirət hökumətinin formalaşdırılmasıdır…”
Müxalif siyasətçilər Polşada postputin Rusiyasının yeni Konstitusiyasını yazır…
Varşavanın tarixi şəhərətrafında, balaca Yablonne şəhərində azad Rusiyanın konqresi adlanan toplantı işə başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə “AzadlıqRadiosu” məlumat yayıb.
Bu, indiki Rusiya hakimiyyətinə qarşı çıxan sabiq rusiyalı deputatlar, senatorlar, habelə Rusiyanın ictimai xadimlərinin qurultayıdır.
Qurultayın saytında deyildiyi kimi, “bunlar Putin diktaturası ilə əməkdaşlıqda və onun cinayətlərində ortaq olmamaqla özlərini ləkələməyib”. Tədbir noyabrın 7-dək davam edəcək.
Konqresin təşkilat komitəsinə Krımın ilhaqından öncə Rusiya parlamentinin deputatları Gennadi Qudkov, İlya Ponomaryov, Mark Feyqin, hüquqşünas və Rusiya İctimai Şurasının sabiq üzvü Yelena Lukyanova və başqaları daxildır. Cəmi 60-dan çox deputat qeydə alınıb.
Qurultayın proqramında bunlar nəzərdə tutulur:
– xalq deputatları qurultayının işi barədə onun hüquqi əsaslarını və əsas məqsədlərini müəyyən edən aktın qəbul edilməsi;
– Putin rejiminin devrilməsindən sonra azad Rusiyanın konstitusiya prinsipləri haqqında bəyannamənin qəbul edilməsi;
– Rusiyanın postputin hökumətinin birincidərəcəli qərarlarının siyahısının qəbul edilməsi;
– Rusiyada və onun hüdudlarından kənarda təşkilatlanma qaydasını və müqavimət hərəkatının hüquqi çərçivələrini müəyyən edən milli müqavimət haqqında aktın qəbul edilməsi.
İlya Ponomaryovun sözlərinə görə, qurultay “müharibə məğlub olandan və Putindən sonra Rusiyanın necə olacağının konturlarını formalaşdırmaq” üçün toplaşıb.
Qurultayın qlobal məqsədi Rusiyanın mühacirət hökumətinin formalaşmasıdır.
Lakin “Newsweek” nəşrinin qeyd etdiyi kimi, xarici hökumətləri Rusiyanın Federal Məclisinin rəsmən tanınmasından imtina etməyə inandırmaq hətta Kremlin Ukrayna ilə müharibəsi nəzərə alınmaqla belə ambisiyalı niyyətdir.
Qəbul ediləcək bəyannamədə millətlərin öz müqəddəratının təyini hüququ, Rusiyanın Ukraynada müharibəsi imperialist müharibə kimi tanınır.
İlya Ponomaryov qurultayda çıxış edərkən Rusiyanın mümkün parçalanmasına öz mövqeyini izah edib.
– Biz Rusiya xalqlarının öz müqəddəratının təyin edilməsi hüququna tərəfdarıq. Lakin millətlərin öz müqəddəratının təyini hüququ legitim proseduru (səsvermə) özündə ehtiva etməlidir ki, yerlərdə ayrı-ayrı vətəndaşlar tərəfindən hakimiyyətin qəsb edilməsinə yol verilməsin.
Qeyd edək ki, Ukrayna Rusiya xalqlarına öz müqəddəratını təyin etməkdə yardım edir.
Belə ki, Ukraynanın Ali Radası Rusiyanın müvəqqəti işğal etdiyi İçkeriya Çeçenistan Respublikasını tanıyıb. Radanın deputatı Oleq Dunda deyib ki, Rusiyanın digər milli respublikaları üçün müstəqillik barədə referendumların keçirilməsi üçün zəmin hazırlanır.