Sabiq nazirdən Rusiya ilə bağlı şok açıqlama

Sabiq nazirdən Rusiya ilə bağlı şok açıqlama

Rusiya tərəfi müxtəlif səbəblərdən Azərbaycana qarşı hərbi və güc tətbiqinə əsaslanan hər hansı addımın mümkün olmadığını dərk edərək, “proksi” təsir taktikasını seçib. Bu fəaliyyətlərin əsas istiqamətləri isə Rusiyadakı Azərbaycan diasporuna, o cümlədən iri Azərbaycan-Rusiya və Azərbaycan-yəhudi biznesinə təzyiqlə bağlıdır. Sözsüz ki, Rusiyada yerli “tərəfdaşlar” olmadan böyük həcmli sırf azərbaycanlı biznesi faktiki olaraq mümkün deyil.

Milletinsesi.az xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiyada azərbaycanlı iş adamlarına və biznes şəbəkəsinə qarşı olan təhdidləri şərh edərkən deyib.

O, həmçinin Rusiyadan Azərbaycanın ixrac potensialına qarşı sabotaj cəhdlərinə diqqəti çəkib:

“Media, dövlət internet şəbəkələri və resurslarına hücumlar, onların bloklanmasına yönəlmiş fəaliyyətlər də bu xüsusda qeyd edilməlidir. Çünki xüsusi təbliğat və şayiələrin, yalan məlumatların, saxta xəbərlərin yayılması, bunların rəsmi resursların loqotipləri ilə maskalanması və s halları artıq adi hal alıb. Xüsusi təbliğatın əsas hədəfi kimi ictimai rəyin formalaşdırılmasıdır. Əsas məqsədləri odur ki, ictimaiyyət çaşdırılmalı, siyasi, etnik və ya sosial konsolidasiyadan məhrum edilməlidir”.

Sabiq nazirin fikrincə, mövcud vəziyyətin spesifikliyini nəzərə alsaq, cəmiyyətimiz üçün əsas birləşdirici faktor – öz ölkəsinin suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş, qələbə qazanmış çoxmillətli xalq olduğumuz duyğusu ətrafında birləşməyimizdir:

“Sözsüz ki, vətəndaş kimliyimizin bu fundamental əsası məqsədyönlü informasiya hücumlarına məruz qalacaq. Son nümunə kimi “Qərbi Azərbaycan” QHT-nin guya ləğv olunması barədə uydurma məlumatı və ya kompensasiyalardan imtina ilə bağlı şayiələrin dolaşdırılmasını göstərmək olar.

Odur ki, hörmətli FB dostlar və digər oxucular, diqqətli olun və daha tez-tez Azərbaycanın Müdafiə Nazirliyinin və digər məlumat vasitələrinin yaydığı materialları paylaşın. Çünki onlar həm də bu cür informasiya hücumlarına qarşı mübarizə aparırlar”.

Share: