İpoteka Kredit və Zəmanət Fondunun baş direktoru İlham Kələşov əhalinin ipoteka kreditləşməsinə çıxış imkanının genişləndirilməsi məqsədi ilə sabit vergi ödəyicilərinin də (aşbaz, bərbər, dayə və digərləri) ipoteka kreditlərinə çıxışını təmin etmək üçün müvafiq tədbirlər hazırlandığını bildirib.
Bəs bu necə dəyərləndirilməlidir?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, əhalinin ipoteka kreditləşməsinə çıxış imkanının genişləndirilməsi hazırda yürüdülən və təkmilləşdirilən ipoteka siyasətinin əsas istiqamətlərindən biridir:
“Sabit vergi ödəyiciləri olan aşbaz, bərbər, dərzi, dayə və digər sosial qrupa aid şəxslərin də ipoteka kreditləri əldə etmək hüquqları vardır. Buna görə də, onların da bu kreditlərə çıxşını təmin etmək üçün müvafiq tədbirlərin hazırlanması müsbət addım kimi qiymətləndirilə bilər. Bu kateqoriyadan olan insanların sırasında, məsələn, bərbər və dərzilərin normal gəlirləri var. Onlar aylıq 300-400 manat olan ödənişləri ödəyməyə qadirdirlər. Eləcə də həmin şəxslərin böyük bir qismi rayonlarda yaşayır və regionlarda daşınmaz əmlakın qiyməti aşağıdır. Bu imkan yaradır ki, həmin insanlar ipotekadan istifadə etməklə mənzil sahibi olsunlar. Bu baxımdan mən düşünürəm ki, şərait yaradılması lazımdır. Bu təklif sayəsində həmin şəxslərin də normal mənzil təminatı ilə şəraitlərinin təmin edilməsində mühüm rol oynaya bilər. Ümumiyyətlə ölkədə bütün sosial qrupların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində bu cür yeni mütərəqqi təşəbbüsləri qiymətləndirmək, həyata keçirmək lazımdır”.
Millət vəkili bildirib ki, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və mənzil probleminin həlli son illər ərzində hökumətin diqqət mərkəzindədir və əhalinin uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə yaşayış sahəsi ilə təmin edilməsi mexanizmi yaradılıb, sosial evlərin tikintisinə başlanılıb:
“İpoteka kreditləşməsi sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul olunub ki, bu da şəxsi yığımları az olan, aşağı gəlirli, eləcə də gəlirləri tam rəsmi təsdiqini tapmayan əhalinin ipoteka kreditlərinə çıxışının genişləndirilməsinə, əhalinin ipoteka kreditləri hesabına daha müasir tələblərə uyğun və yeni yaşayış sahələri ilə təmin edilməsinə, ödəmə qabiliyyəti müvəqqəti pisləşmiş borcalanların hüquqlarının müdafiəsinin təmin edilməsinə yönəldilib”.
İqtisadçı ekspert Eldəniz Əmirov da ipoteka kreditlərinə əlçatanlığın artırılmasını müsbət qiymətləndirib:
“Bu addım, təbii olaraq, alqışalayiqdir. Hər kəsin ipoteka kreditlərinə ehtiyacı var. Sadəcə olaraq burada mövcud vəziyyət daha düzgün qiymətləndirilməlidir. Çünki burada geridönüş məsələsinə diqqət yetirmək lazımdır. Atılan addım yaxşıdır, amma risk faktorunu artırır. Bu sahədə çalışanların hər birinin fəaliyyəti risk sahəsidir. Bunların hamısı uzunmüddət fəaliyyət göstərə biləcəklərmi? İpoteka kreditlərinin ödənişini həyata keçirə biləcəklərmi? Sadəcə olaraq, dəqiq analiz, təhlil tələb edən məsələdir”.
Ekspert kredit mütəxəssislərinin və mexanizmin üzərinə çox böyük yük düşdüyünü bildirib:
“Aşbazın, yaxud bərbərin bugünkü gəlirinə görə məsələni qiymətləndirib, ucdantutma hamıya ipoteka krediti sataq deyə birmənalı addım atmaq olmaz. Ən azından vahid bir mexanizm yaradılmalıdır. Onların fəaliyyəti kredit üçün müraciət etdiyi vaxtdan daha əvvələ qədər olan dövrün analizi olaraq, qərar verilə bilər. Əks halda risk faktoru yüksək olacaq. Doğru təhlil aparmaq üçün kredit mütəxəssislərinin, eyni zamanda mexanizmin üzərinə çox böyük yük düşür”.