Şabranda e.ə. IV minilliyə aid olan yeni tapıntılar aşkarlandı

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Şabran arxeoloji ekspedisiyası” Şabran rayonu Aygünlü kəndi ərazisində yerləşən I Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntı işləri zamanı Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkar edib.
İnstitutdan Milletinsesi.az-a verilən məlumata görə, qazıntı zamanı Kür-Araz mədəniyyətinə aid edilən saxsı qablar, sümükdən, daşdan hazırlanmış müxtəlif əmək alətləri, tuncdan hazırlanmış iki ədəd asma, gil təkər modeli, daşdan hazırlanmış tokin (mübadilə, hesablama və d. məqsədlər üçün istifadə edilən fiqur), bir ədəd zoomorf gil fiqur aşkar edilmişdir.
Bu mövsümdə aparılan qazıntılar zamanı üzə çıxarılmış tikili qalıqları öz xüsusiyyətlərinə görə əvvəlki illərdə aşkar edilmiş tikili qalıqlarından fərqlənirlər. Belə ki, təmizlənmiş qazma tipli evin daxilində 5 ədəd dirək yerinin, iki kərpic sütunun, həmçinin kərpic sütunların arxa tərəfində qapı olması güman edilən, lakin sonradan çiy kərpiclə hörülən girişin aşkarlanması böyük maraq kəsb edir. Sahənin şimal hissəsində 19 cərgə kərpiclə hörülmüş dairəvi evin üzə çıxarılmasını da böyük yenilik hesab etmək olar. Bunlardan əlavə ocaq yerləri, təsərrüfat quyuları da aşkar olunmuşdur. Qazıntı sahəsinin mərkəz hissəsinin təmizlənməsi nəticəsində çox böyük diametrli evin dirək yerlərinin tapılması maraqlı faktlardan biridir.
Aşkar edilən tikili qalıqları və maddi mədəniyyət nümunələri e.ə. IV minilliyin sonu – III minilliyin əvvəllərinə aid edilir.
Share: