Sahibə Qafarova İtaliya və Serbiyadan olan müşahidə missiyalarının üzvləri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan İtaliya parlamentinin və Serbiya Milli Assambleyasının müşahidə missiyalarının üzvləri ilə görüşlər keçirib.

Görüşlərdə Milli Məclisin sədri prezident seçkisini müşahidə etdikləri üçün minnətdarlığını bildirərək, qeyd edib ki, bu seçki ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir.

S.Qafarova qeyd edib ki, ilk dəfə olaraq prezident seçkisi Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən işğaldan azad olunmuş ərazilərində keçirilib. Spiker işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin qurulduğunu və seçki məntəqələrində bütün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.

Milli Məclisin sədri qeyd edib ki, ölkəmizdə prezident seçkisinin ən yüksək səviyyədə keçirilməsi, seçki prosesində tam şəffaflığın təmin edilməsi, seçicilərin azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb.

İtaliya parlamentinin müşahidə missiyasının sədri Andreo di Cüzeppe səsvermə zamanı 15 seçki məntəqəsində müşahidə apardıqlarını qeyd edərək vurğulayıb ki, prezident seçkisi beynəlxalq qaydalara uyğun təşkil olunub. Serbiya Milli Assambleyasının sədr müavini Sandra Boziç də prezident seçkisinin demokratik prinsiplər və normalar əsasında həyata keçirildiyini vurğulayaraq, seçici fəallığını yüksək qiymətləndirib. O deyib ki, seçkinin belə yüksək səviyyədə keçirilməsi yaxşı demokratik nümunədir.

 

Mənbə

Share: