“Samir Şərifov elə cavablar verdi ki…”

Müdafiə naziri Zakir Həsənovun RealTV-dəki müsahibəsinə baxdım. Kifayət qədər maraqlı müsahibə idi. Ancaq onun özündən kifayət qədər yaşlı və kifayət qədər təcrübəli Millət vəkili olan Vahid Əhmədov haqqında söylədikləri fikirləri ilə razılaşmadım. Nazir deputat həmkarımız haqqında bunları dedi: “Hətta bəzi adamlar yalandan deyirlər ki, guya hansısa brifinq olub və mən orada Azərbaycan dilində danışa bilməmişəm. Bu, yalandır. Hətta o yoldaş orada çıxış edən zaman şəxsi tanışlığı olmayan insana “sən” deyə müraciət edir. Bunun özü onun həm Azərbaycan dilini necə bilməsinin, həm tərbiyəsinin, həm də səviyyəsinin göstəricisidir.” Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ qanunun 7-ci maddəsində yazılır: “Deputat Azərbaycan Respublikası Milli Məclisinin müzakirə etdiyi bütün məsələlərə dair fikrini bildirə, təkliflərini və qeydlərini verə bilər.” Vahid Əhmədovun Müdafiə nazirliyinin rəhbərliyi haqqında fikirlərinə Milli Məclisin bir neçə deputatı cavab verdi. Düşünürəm ki, ondan sonra deputat həmkarımızı belə həqarət etmək yolverilməzdir.
Bununla yanaşı 2019-cu ilin büdcəsinin icrasının müzakirəsində Qüdrət Həsənquliyevin və Erkin Qədirlinin fikirlərini Maliyyə naziri Samir Şərifov süngü ilə qarşıladı. Elə cavablar verdi ki, sanki bunun fəaliyyəti haqqında heç kimin söz deməyə haqqı yoxdur. Əslində Qüdrət bəyin və Erkin bəyin söylədiklərində xeyli məntiqli məqamlar var idi. Bu cür hallar Milli Məclisin nüfuzdan düşməsinə səbəb olan hallardır.
 
Etibar Əliyev, Millət vəkili
Share: