“Bizlər isə o ailələlərə, o ata-analara, bacılara bütövlükdə bir cəmiyyət, xalq olaraq daim arxalarında durduğumuzu hiss etdirməliyik…”
“Yardımlıya səfərimiz də məhz belə istək və niyyətlərdən qaynaqlanaraq baş tutdu…”
“I Qarabağ müharibəsinin ağrı-acılarını həm bütövlükdə soydaşlarımızın, həm qohum-əqrəbanın, həm də bilavasitə öz taleyində yaşamış, öz doğma dədə-baba yurdlarını, ata ocağını itirmiş, ömür-gün yoldaşı şəhid olmuş bir Azərbaycan xanımı olaraq 44 günlük müzəffər savaşımız qəlbimdə bir sıra emosional təbəddülatlara səbəb oldu”.
Bu fikri Moderator.az-a açıqlamasında bu günlərdə Yardımlı rayonunda səfərdə olaraq bir neçə şəhid ailəsini ziyarət etmiş şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, sabiq deputat Flora Qasımova səfərlə bağlı təəssüratlarını bölüşərkən ifadə edib.
“II Qarabağ savaşındakı zəfərimizdən, xüsusən Şuşanın azad olunmasından sonra sanki özümü şəhid, qazi ailələrinə başqalarından daha çox borclu hiss etməyə başladım. Həm də ona görə ki, onların, o ata, oğul, qardaş, həyat yoldaşı itirmiş insanların: anaların, bacıların, qızların, xanımların nə yaşadıqlarını yaxşı duyuram… Həm də axı mən özüm doğma torpağını itirmiş qarabağlılardan biriyəm… Bu mənada xüsusən Azərbaycanın digər bölgələrindən olan, heç ömründə Qarabağda, Zəngəzurda olmamış şəhid övladlarımızın ailələri, doğmaları qarşısında özümü borclu hiss edirəm… Ona görə də daim paytaxtda, səfər etdiyim əyalətlərdə, şəhər və kəndlərdəki şəhid, qazi ailələrini ziyarət etməyə, ən azı onların dərdlərini dinləməyə, kədər və ağrılarına şərik olmağa çalışıram… Özümə borc bilirəm ki, o şəhid anaları, ataları, bacıları, xanımları ilə görüşüb onlara, heç olmasa, bir “sağ ol” deyim…Yardımlıya səfərimiz də məhz belə istək və niyyətlərdən qaynaqlanaraq baş tutdu”- deyə davamında şəhid Milli Qəhrəman xanımı bildirib.
“Bilirsiz, o da var ki, hər şeyi dövlətin üzərinə atmaq doğru deyil… Dövlət şəhid və qazi ailələri üçün mümkün dəstəyin, imtiyazların icrasından ötrü əlindən gələni edir. Bizlər isə o ailələlərə, o ata-analara, bacılara bütövlükdə bir cəmiyyət, xalq olaraq daim arxalarında durduğumuzu hiss etdirməliyik”-deyə sabiq deputat vurğulayıb.
Şəhid Milli Qəhrəman xanımının Yardımlıda şəhid ailələri ilə görüşü haqdakı təəssüratlarıyla daha geniş şəkildə onun yaxın müddətdə təqdim edəcəyimiz müsahibəsində tanış ola bilərsiniz.
Moderator.az-ı izləyin!..
Sultan Laçın