Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Zəfər” adlı konfrans keçirilib.
Modern.az xəbər verir ki, “Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycan Milli-Mədəniyyət Muxtariyyəti” şəhər ictimai təşkilatı tərəfindən təşkil edilən tədbirdə müxtəlif icmaların nümayəndələri və soydaşlarımız iştirak ediblər.
Tədbir öncəsi “Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycan Milli-Mədəniyyət Muxtariyyəti”nin üzvləri Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun əməkdaşları ilə birlikdə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bu şəhərdəki barelyefini ehtiramla ziyarət ediblər.
Konfrans ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin adından konfrans iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edən şöbə müdiri Ruslan Quliyevin videomüraciəti nümayiş olunub.
Konfransı giriş sözü ilə “Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycan Milli-Mədəniyyət Muxtariyyəti”nin sədri Vaqif Məmişov və Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov açıblar.
Tədbir “Rossiya-1” telekanalının hazırladığı “Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Kənardan baxış” adlı reportajının təqdimatı ilə davam edib.
Konfransda çıxış edən qonaqlar xalqımızı və Azərbaycan Prezidenti İlham Əliyevi parlaq Qələbə münasibətilə təbrik ediblər.
Bədii hissədə “Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycan Milli-Mədəniyyət Muxtariyyəti”nin nəzdindəki “Xəzər” xoreoqrafiya ansamblı konsert proqramı ilə çıxış edib.