Türkiyədə müxalif İYİ Partiyanın sədri Meral Akşener yenidən seçkilər mövzusuna toxunub.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, seçkilər məsələsində xalqla həmrəy olduğunu bildirib.
“Bu mövzuda Türkiyədəki milyonlarla insan harada durursa, mən də orada dururam. Milyonlarla gənc nə deyirsə, mən də onu deyirəm. Mən onların tələblərini eşidirəm və səsləndirirəm”, – deyə Akşener bəyan edib.
Zəlzələ ilə bağlı tənqidi fikirlər ifadə edən Akşener məsələnin dini motivlərlə əsaslandırılmasına qarşı çıxıb.
“Fəlakətlərin böyük məsuliyyətsizlikdən doğduğunu gizlətmək üçün imanımızdan sui-istifadəyə qalxmayın. Öz bacarıqsızlığınızı “taleyin planı” deyərək pərdələyə bilməzsiniz. Bir Allahın qulu istefa vermir, ayıb olsun”, – deyə siyasətçi etiraz edib.
Qeyd edək ki, Türkiyədə 18 iyunda keçirilməli olan seçkilərin növbədənkənar qaydada 14 mayda keçiriləcəyi barədə anons verilsə də, zəlzələdən sonra seçkilərin hətta normal vaxtından da sonraya ertələnməsi barədə müzakirələr başlayıb.