Seliakiya – irsi xəstəlik

Seliakiya irsi xəstəlikdir (müəyyən genlərlə valideynlərdən uşaqlara ötürülür).

Bir çox hallarda bu xəstəliyin diaqnozu uşaq vaxtlarnda qoyulur. Lakin bəzən diaqnoz vaxtında qoyulmur və uşaq, daha sonra isə böyük uzun illər ərzində müxtəlif xəstəliklərdən uğursuz olaraq müalicə olunur (disbakterioz, anemiya və s.) və nəticədə düzgün diaqnoz hətta insanın 30-40 yaşında qoyulur.

Vaxtında təyin olunmamış seliakiya uşağın inkişafında müxtəlif pozulmalara səbəb olur – fiziki inkişafın ləngiməsi (çəkin və boyun normalara uyğun olmaması), anemiya, sümüklərin kövrək olması və tez-tez qırılması, diş problemləri, cinsi inkişafının ləngiməsi və s. Bu səbəbdən valideynlər uşağının sağalamlığına və inkişafına qarşı çox diqqətli olmalı və xəstəliyin ilk simptomlarında bu haqda həkimə məlumat verməlidir.

Seliakiya zamanı insanın orqanizmində “qlyüten” zülalına qarşı dözümsüzlük yaranır. Qlyüten arpa, çovdar, buğda kimi yarmaların tərkibinə daxildir. Xəstənin bağırsaqlarına bu zülalın hətta mikroskopik miqdarı (milliqrammlar) düşdükdə orada iltihab və həzm və sovurma proseslərin pozulması yaranır. Nəticədə insanda qəbizliklə növbələşən ishal (həcmli üfunətli nəcis), ürəkbulanması, qusma, qarında köp, ağrılar, iştahanın azalması  inkişaf edir.

İltihablaşmış bağırsaq orqanizmin sağlamlığı və inkişafı üçün lazım olan maddələri tam şəkildə sovura bilmir və insan orqanizmində bir çox vacib maddələrin (dəmir, kalsium, zülallar, yağlar, vitaminlər və s.) çatışmazlığı yaranır. Məhz bu səbəbdən seliakiya xəstəliyi olan uşaqların fiziki inkişafında geriləmə (az çəki, kiçik boy), anemiya (dəmir elementinin çatışmazlığına görə), diş və sümük problemləri (kalsiumun çatışmazlığına görə), dəridə səpgilər və s. müşahidə olunur.

Adətən seliakiyanın ilk simptomları körpənin qidalanmasına əlavə qidalar (sıyıqlar, suxari, çörək və s.) daxil olunmağa başladıqda üzə çıxır. Bu qidaların qəbulu uşaqda yuxarıda sadaladığımız simptomların (ishal, ürəkbulanması, qusma, köp) əmələ gəlməsinə səbəb olur. Bu qidalar qidalanmadan çıxardıqda simptomlar da müalicəsiz olaraq yox olur.

Seliakiyaya şübhə yarandıqda xəstəyə əlavə müayinələr təyin olunur (xüsusi immunoloji qan analizi, genetik analiz və s.).

Seliakiya xəstəliyi tam müalicə olunmasa da, xəstə tərkibində qlyüten olan qidaları qəbul etmədikdə, xəstəliyin simptomları üzə çıxmır. Beləliklə, seliakiyanın müalicəsinin  əsası müəyyən pəhrizdir. Belə pəhrizi xəstə ömrünün sonuna kimi saxlamalıdır.

Hansı qidalar seliakiya xəstəliyi zamanı əks-göstərişdir?

– Buğda unu, buğda nişastası, buğda sıyıqları, buğda çörəyi, kvas, araq (buğda əsasında hazırlanmış) və s.

– Çovdar çörəyi, çovdar yarması, sıyıqlar, kvas və s.

– Arpa yarması, arpa sıyığı, arpa nişastası, pivə və s.

– Yarımfabrikatlar, konservlər, kolbasa-sosis, hazır souslar, tərkibində aromatıaşdırıcı maddələr və rəngvericilər olan məhsullar. Bu məhsulların tərkibində bir çox hallarda qlyüten olur. Bu səbəbdən belə məhsulları yalnız o halda qəbul etmək olar ki, etiketin üzərində qlyütenin olmaması haqqında qeyd olunsun (“qluten free”, “без глютена” qeydi, üstündən xətt çəkilmiş sümbül). Körpələr üçün olan sıyıqlar, konservlər, şirələrin üzərində də belə qeyd ola bilər. Belə məhsullar məhz seliakiya xəstəliyi olan uşaqlar üçün nəzərdə tutulub.

Bəzi dərmanların tərkibində də qlyüten ola bilər. Bu səbəbdən müalicədən əvvəl dərmanın tərkibinə fikir vermək lazımdır.

Share: