“Fransa Senatının senator Natali Qule istisna olmaqla 295 üzvünün Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə tamamilə qeyri-obyektiv, beynəlxalq hüquqa zidd, məhz erməni lobbisinin tapşırıqlarının icrasından irəli gələn “sənəddir”. Belə bir qətnaməni qəbul etməklə ölkə senatı dövlətin marağını erməni lobbisinə qurban verdiyini bir daha nümayiş etdirdi. Fransa Senatı bir daha beynəlxalq hüquqa hörmətsizlik etməklə terroru, iğtişaşı, münaqişəni, işğalı dəstəklədiyini, soyqırımı müdafiəçisi olduğunu göstərdi”.
Bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat açıqlamasında qeyd edib ki, əlbəttə, Fransanın bu mövqeyi heç bir təəccüb doğurmur. Ona görə ki, terror, işğal, soyqırım bu ölkənin tarixinin mühüm bir hissəsini təşkil edir. Sadəcə Əlcəzairdə törətdiyi soyqırımı,Yeni Kaledoniya və Mayyottadakı müstəmləkə siyasətini xatırlamaq Fransanın iç üzünü, riyakar və işğalçı simasını görmək üçün kifayətdir. Həmin o Fransadır ki, Əlcəzairdə 5 milyon mina basdırmışdır. Əlcəzairdə törədilmiş soyıqırımına Fransada bu günə qədər rəsmi səviyyədə obyektiv hüquqi-siyasi qiymət verilməyib. Halbuki, təkcə 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülüb. Ümumilikdə isə 1,5 milyon insan Fransanın həyata keçirdiyi zorakı əməliyyatlar, qeyri-mütənasib güc tətbiqi nəticəsində məhv edilib. Fransa tərəfindən irqçi, diskriminativ qanunlar tətbiq edilərək, əlcəzairlilər “Fransanın ərəb Müsəlmanları” adlandırılıb, əhali torpaq və mülklərindən məhrum edilib. Təəccüb və bir o qədər də gülüş doğuran məsələ ondan ibarətdir ki, biz qəbul edilən qətnamə layihəsində “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyayaya istinad görürük. Tarixi qara səhifələrlə dolu olan bir dövlət, başqa bir dövlətin xalqına qarşı işğalçılığı və irqi ayrıseçkiliyi ən yüksək səviyyədə etmiş bir dövlət necə ola bilir ki, irqi ayrıseçkilikdən danışır?Təbii ki, bu ritorik bir sualdır. Əlbəttə, cavab hər kəsə məlumdur. Buradan açıq-aşkar görünür ki, Fransa dövlət və qanunverici orqan səviyyəsində erməni lobbisinin oyuncağına, əlaltısına çevrilmişdir.
Millət vəkili Tamam Cəfərova fikirlərinin davamı olaraq bildirib ki, uzun illər Azərbaycan Fransa ilə münasibətlərə xüsusi önəm vermişdir. Buna baxmayaraq, Fransanın rəsmi dairələri bir tərəfdən Azərbaycan və Erməniistan arasında normallaşma prosesinin əldə olunmasında fəal iştirak etmək arzusunda olduqlarını bəyan etsələr də, digər tərəfdən ölkəmiz əlehinə qərəzli, yalan, destruktiv yanaşma nümayiş etdirirlər.
Erməni lobbisinin tapşırıqlarını yerinə yetirməklə Yelisey sarayı dünyada dinc yanaşı yaşamaq, normallaşma prosesinə töhfə verməkdənsə, öz ərazi bütövlüyünü təmin edib, suverenliyi uğrunda mübarizə aparan Azərbaycana qarşı siyasi baxımdan təzyiq göstərir. Bu, həm də rəsmi Parisin siyasi terroru kimi də dəyərləndirilməlidir. Əlbəttə, bütün bunların özəyində islomofob, azərbaycanofob,türkofob, irqçi yanaşma dayanır.
Onu da qeyd edək ki, Azərbaycan son günlər ölkəmizə qarşı artan məqsədli destruktiv, selektiv, qərəzli münasibətə qarşı siyasi müstəvidə uğurlu mübarizəni davam etdirir:
“Belə ki, Fransanın qərəzli, selektiv siyasətinə qarşı Azərbaycan Xarici İşlər Nazirliyi dərhal nota vermiş, qətnamədə qeyd olunmuş əsassız, yalan və qərəzli iddialar qətiyyətlə rədd edilmişdir. Həmçinin, Milli Məclis Fransa Senatının qəbul etdiyi qətnaməyə qarşı Bəyanat qəbul etmişdir. Bəyanatda Fransa Senatının beynəlxalq hüququn norma və prinspiplərinə zidd olaraq qəbul etdiyi qətnaməyə etiraz tarixi faktlara və yenə də beynəlxalq hüquqa istinad edilərək bildirilmişdir”. Millət vəkili Tamam Cəfərova belə deyib.